29 avqust 2026. Şənbə

“Maklaren” Lando Norrise çempion olduğu bolidi hədiyyə edəcək


  • Formula-1
  • 20:54 29.08.2026
  • Oxunma sayı: 37
“Maklaren” Lando Norrise çempion olduğu bolidi hədiyyə edəcək

“Maklaren” Formula-1 üzrə 2025-ci il dünya çempionu Lando Norrisin müqaviləsini 2030-cu ilədək uzatması münasibətilə britaniyalı pilota xüsusi hədiyyə təqdim edəcək.

 90deqiqe.Az-ın məlumatına görə, komanda Norrisin 2025-ci ildə çempion olduğu mövsümdə idarə etdiyi MCL39 bolidini ona verəcək.

Hədiyyənin Norrisin “Maklaren”in uğurlarına verdiyi töhfəni simvolizə edəcəyi bildirilir. Britaniyalı pilot 2025-ci ildə komandanın ardıcıl ikinci dəfə Konstruktorlar Kubokunu qazanmasında mühüm rol oynayıb. “Maklaren” isə 2008-ci ildən sonra ilk dəfə pilotlar arasında dünya çempionu titulunu əldə edib.

Bolid Norrise “McLaren Technology Centre”də keçiriləcək ənənəvi açıq qapı günü çərçivəsində təqdim olunacaq.

26 yaşlı Lando Norris 2019-cu ildən “Maklaren” üçün çıxış edir. Bu müddətdə o, 13 qələbə qazanıb, 48 dəfə podiuma yüksəlib və 18 dəfə poul-pozişn əldə edib. Onun aktivində iki Konstruktorlar Kuboku və 2025-ci il dünya çempionluğu da var.

Qeyd edək ki, Norrisin “Maklaren”lə yeni müqaviləsi ən azı 2030-cu ilin sonunadək qüvvədə olacaq və sözləşmədə əməkdaşlığın uzadılması ilə bağlı bənd də yer alır.







Formula-1