- Formula-1
- 23:01 31.08.2026
“Ferrari”nin rəhbəri Frederik Vassör komandası “Mercedes”lə dünya çempionluğu uğrunda mübarizə aparmaq istəyirsə, həftəsonu səhvləri səbəbindən xal itirməməli olduğunu bildirib.
90deqiqe.Az-ın “Motorsport”a istinadən məlumatına görə, fransalı mütəxəssis son illərdə komandanın yarışların idarə olunması baxımından ciddi irəliləyiş əldə etdiyini vurğulayıb:
“Düzünü desəm, son 2-3 ildə yarışların keçirilməsi baxımından böyük addım atdığımızı düşünürəm. Strategiya, pit-stoplar – bu sahələrdə hər şey yaxşıdır. Əsasən son iki yarış həftəsonunda bəzi imkanları əldən verdik. Lakin mövsümün əvvəlindən “Maklaren” və ya “Mercedes”dən daha çox fürsəti əldən verdiyimizə əmin deyiləm. Amma çempion olmaq istəyirsənsə, trasda xal buraxmaq olmaz. Mümkün qədər çox xal toplamalıyıq”.
Vassör komandanın eyni vaxtda iki istiqamətdə çalışdığını qeyd edib:
“Burada iki yarış var. Birincisi, inkişaf yarışıdır. Hər yarışda bolidin potensialını artırmaq üçün yeni detallar gətiririk. Eyni zamanda hazırkı potensialdan maksimum yararlanmalıyıq. Bəzən buna nail oluruq, bəzən isə yox.
Bu mövsüm çətindir, çünki hər şey yenidir: texniki reqlament, enerji istifadəsi sistemi, təkərlər. Ötən illə müqayisədə hər şey fərqlidir. Buna görə də hazırda keçən ildən daha çox yeni suallarla qarşılaşırıq və bütün komandalar daha çox səhv edir. Mənim vəzifəm isə bu səhvlərin sayını minimuma endirməkdir. Başqalarının nə etməsinin əhəmiyyəti yoxdur, biz öz səhvlərimizi azaltmalıyıq”.
“Ferrari” rəhbəri əsas problemlərdən birinin güc qurğusu ilə bağlı olduğunu da açıqlayıb:
“Əsas amil güc qurğusudur. Dövrədən dövrəyə performansda hələ də dəyişikliklər mümkündür. Hazırda bu fərqlər Çində və ya Avstraliyada olduğundan daha azdır. Həmin yarışlarda bəzən 0,4-0,5 saniyə itirirdik. İndi isə 0,1-0,2 saniyə itiririk. Lakin hətta bu fərq Zandfortda start cərgəsində dörd mövqeyə başa gəldi.
Bu səbəbdən diqqətimizi qorumalıyıq. Düşünürəm ki, bunun əsas səbəblərindən biri yeni reqlament çərçivəsində işləməyimizdir və mövsüm asan keçmir. Lakin bu, komanda üçün prioritet istiqamətlərdən biridir”.