1 sentyabr 2026. Çərşənbə axşamı

Bakıda Formula 1 azarkeşləri üçün əlavə yerlər yaradıldı


  • Formula-1
  • 16:02 01.09.2026
  • Oxunma sayı: 38
Bakıda Formula 1 azarkeşləri üçün əlavə yerlər yaradıldı

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında (BŞH) azarkeşlər üçün yeni tribuna quraşdırılıb.

BŞH-dən 90deqiqe.Az-a verilən məlumata görə, yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq istifadəyə verilən “City” tribunası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir.

Tribunanın yerləşdiyi ərazi azarkeşlərə bolidləri trasın bir-birinə paralel olan iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunadan sonra Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini ötüb.

Məlumata görə, Formula 1 Azərbaycan Qran-Prisinə artan maraq fonunda son üç ildə BŞH-də dörd yeni tribuna quraşdırılıb. Bu müddət ərzində tribunaların ümumi tutumu 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən Azərbaycan Qran-Prisinin yarış həftəsonunda BŞH-də ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb.

Hazırda Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakı Şəhər Halqasında tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.







Formula-1