3 sentyabr 2026. Cümə axşamı

Lando Norris öz yarış komandasını yaradır


  • Formula-1
  • 00:50 03.09.2026
  • Oxunma sayı: 46
Lando Norris öz yarış komandasını yaradır

“Maklaren”in pilotu Lando Norris LN4 Fusion adlı yeni yarış komandasını yaradıb.

90deqiqe.Az-ın məlumatına görə, komanda 2027-ci il mövsümündən etibarən aşağı formulalarda mübarizə aparacaq. LN4 Fusion İtaliya “Formula-4”ü, Avropa “Formula Regional”ı və “Formula-3”də iştirak edəcək. Komanda artıq Britaniya “Formula-4”ündə test proqramına başlayıb və “Formula-2”də çıxış etmək üçün də müraciət edib.

LN4 Fusion-a “Prema”nın keçmiş rəhbəri Rene Rosin rəhbərlik edəcək. Layihəyə “Prema”nın sabiq mühəndisi Giyom Kapyetto da qoşulub. Komandanın Avropadakı qərargahı İtaliyanın Veneto regionunda yerləşəcək. Hazırda burada yeni baza inşa olunur. Britaniya bölməsi isə Kembricşirdə fəaliyyət göstərəcək.

Norris bununla yanaşı, gənc pilotların inkişafına yönəlmiş LN4 Legacy Programme layihəsini də yaradıb. Tam maliyyələşdiriləcək proqramın rəhbəri “Alpin”in keçmiş idman direktoru Culian Raus olacaq.

“Bütün karyeram boyunca ətrafımda möhtəşəm insanların olması mənim üçün böyük şans olub. Formula-1-ə yüksəlmək üçün təkcə istedadın kifayət etmədiyini bilirəm. Doğru insanların dəstəyi, düzgün imkanlar və lazımi anda göstərilən yardım çox vacibdir. Məhz bu iki layihəni yaratmağımızın səbəbi də budur”, – deyə Norris bildirib.

Britaniyalı pilotun sözlərinə görə, LN4 Fusion aşağı formulalarda ən güclü komandalarla rəqabət apara biləcək kollektivə çevrilməlidir. LN4 Legacy Programme isə əlavə dəstək olmadan əldə edə bilməyəcəkləri imkanları istedadlı gənc pilotlara təqdim edəcək.

Formula-1-in baş direktoru Stefano Domenikali də Norisin layihəsini yüksək qiymətləndirib.

“Lando Norisin bu yeni layihədə iştirakı Formula-3 və Formula-2 piramidasının Formula-1-in gələcəyi üçün nə qədər vacib olduğuna dair inanılmaz bir mesajdır”, – deyə Domenikali vurğulayıb.







Formula-1