- Formula-1
- 10:54 06.09.2026
“Red Bull” komandasının pilotu Maks Verstappen “Formula-1” üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsinin nəticələrini şərh edib.
90deqiqe.Az xəbər verir ki, niderlandlı pilot sıralama turunu altıncı pillədə başa vurub.
“Gecə ərzində çox yaxşı irəliləyiş əldə edildi. Bunu üçüncü sərbəst yürüşdə də hiss etmək mümkün idi. İşlək diapazon xeyli yaxşılaşmışdı, lakin təsnifat mərhələsindən əvvəl mən və komanda əslində boliddə heç bir dəyişiklik etməmişdik.
Birdən-birə arxa oxda yenidən nəyinsə sıradan çıxdığını hiss etdim. Söhbət arxa qanaddan getmir, başqa bir mexaniki dəyişiklik baş verib. Bunu yenidən araşdırmaq lazımdır. Belə hal ilk dəfə deyil. Həftəsonu ərzində müxtəlif vaxtlarda təsadüfi şəkildə baş verir. Təəssüf ki, bu dəfə ən vacib mərhələdə meydana çıxdı.
Belə problemlər yarananda bolidi idarə etmək inanılmaz dərəcədə çətinləşir. Çalalarda və kerblərin üzərindən keçərkən maşın lazım olduğu kimi reaksiya vermir və dövrədə vaxt itirirsən.
Üçüncü sərbəst yürüş zamanı poul uğrunda mübarizə aparacağımı düşünmürdüm. Lakin bolid yaxşı reaksiya verirdi və uzun müddətdən sonra onu idarə etmək kifayət qədər rahat idi. Bu, çox xoş idi. Təəssüf ki, yenidən problem yarandı”, - deyə Verstappenin sözlərini “RacingNews365” portalı yayıb.