- Formula-1
- 10:54 06.09.2026
“Ferrari” komandasının pilotu Luis Hemilton “Formula-1” üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsində ikinci seqmentdə mübarizədən kənarda qalmaq təhlükəsi ilə üzləşməsini və üçüncü seqmentdə ilk cəhdə digər pilotlardan xeyli gec çıxmasının səbəbini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilotun sözlərini “RacingNews365” yayıb.
“İkinci seqmentin sonunda hamı gözləyirdi. Şarl (Lekler - red.) birinci çıxmaq istəmirdi. Gözləməli, gözləməli, gözləməli olduq və sonda yalnız bir sürətli dövrə vurmaq imkanımız qaldı. Hər şey bizim üçün heç də asan olmadı.
Üçüncü seqmentdə isə bolidimdə təkərlər yox idi - hamı artıq trasa çıxmışdı, mənim maşınımda isə sadəcə mühərrik işləyirdi. Mən hamıdan təxminən 25 saniyə sonra trasa çıxdım.
Bu, ritmimi tamamilə pozdu. Çünki başqa bolidin arxasında, hava kisəsində (“slipstream” - red.) hərəkət edəndə döngələrə daha yüksək sürətlə yaxınlaşırsan və nəticədə əyləcləmə zonaları fərqli görünür. Təkbaşına hərəkət edəndə isə hava kisəsini itirirsən və çox vaxt qazanmaq mümkün olmur.
Əlbəttə, start cədvəlində daha yuxarı mövqedə olmağımız yaxşıdır. Mübarizə aparmaq üçün şanslarımız var. Ümid edirəm ki, Corc (Rassell - red.) ilə də mübarizə apara biləcəyik. Qarşıda bir “Mercedes” var. Ümid edirəm, bu, komandamız kimi işləmək və onları məğlub etməyə cəhd göstərmək üçün bizə imkan verəcək”, - deyə Hemilton bildirib.