8 sentyabr 2026. Çərşənbə axşamı

“MakLaren”dən Norris və Piastrinin mübarizəsi ilə bağlı qərar


  • Formula-1
  • 23:53 07.09.2026
  • Oxunma sayı: 34
“MakLaren”dən Norris və Piastrinin mübarizəsi ilə bağlı qərar

“MakLaren” komandasının rəhbəri Andrea Stella İtaliya Qran-prisinin sonlarında Lando Norris və Oskar Piastrinin mübarizəsi ilə bağlı təhlil aparılacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Andrea Stella bildirib ki, komanda həmin anda pilotların mübarizəsinə müdaxilə etməməyi qərara alıb:

“Bu vəziyyətdə düşündük ki, Landonun Maksı təqib etmək şansı qazanması üçün əvvəlcə Oskarı ötməsi lazımdır. Hər iki bolid eyni təkərlərdən istifadə edirdi, təkərlərin yeyilmə səviyyəsi də eyni idi və onların performans göstəriciləri arasında ciddi fərq yox idi. Buna görə də yarışın təbii gedişinə müdaxilə etməyə ehtiyac görmədik və onların mübarizə aparmasına imkan verdik.

Düşünürük ki, düzgün qərar verdik. Məncə, ümumilikdə Maks daha sürətli idi. Sadəcə, bu il Monzada yaranan bir vəziyyətə düşdü. Burada bolid yerəbasma qüvvəsini itirəndə sürücü digər pilotdan müdafiə olunmaq üçün əlavə enerji sərf etməli olur.

Lando həmin epizod zamanı təkərləri ilə trasdan kənara çıxanda komandaya bildirdi ki, Oskar onu trasdan sıxışdırıb. Lakin görüntülərə yenidən baxdıqdan sonra hadisənin yarışın qızğın anında göründüyündən daha ciddi olmadığını düşündük.

Təbii ki, bu epizodu yenidən nəzərdən keçirəcəyik və oxşar yarış situasiyaları kontekstində təhlil edəcəyik. Çünki bir-birinizlə mübarizə aparmağa başladıqda vaxt itirə bilərsiniz.

Sual yaranır: Ferstappenə qarşı mübarizə aparmaq üçün daha yaxşı strategiyamız ola bilərdimi? Bunu təhlil edəcəyik. Pit-uollda həmin anda bu, o qədər də aydın deyildi. Bizim üçün əsas məsələ öz yarış fəlsəfəmizə uyğun olaraq pilotların mübarizə aparmasına imkan vermək idi”.

Qeyd edək ki, iki pilotun bir-biri ilə mübarizəsi 51-ci dövrədə qəza ilə nəticələnmək təhlükəsi yaradıb. Norris Piastrini ötmək üçün trasın xarici trayektoriyasından istifadə edib və pilotlar toqquşmağa çox yaxın olublar.







Formula-1