9 sentyabr 2026. Çərşənbə

Azərbaycan Qran-Prisi: 10 ildə marşal olmaq üçün 35 mindən çox müraciət


  • Formula-1
  • 11:32 08.09.2026
  • Oxunma sayı: 10
Azərbaycan Qran-Prisi: 10 ildə marşal olmaq üçün 35 mindən çox müraciət

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, marşal olmaq istəyənlərin sayı hər il artıb. Belə ki, 2017-ci ildə 2379 nəfər müraciət etdiyi halda, 2026-cı ildə bu rəqəm 4201-ə çatıb.

Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən ilk Formula 1 yarışında marşalların böyük hissəsi Bəhreyndən dəvət olunub. 2017-ci ildən etibarən isə marşalların mütləq əksəriyyətini yerli mütəxəssislər təşkil edib.

Azərbaycan Qran-Prisinin 10-cu, yubiley yarışında 40 postda 1100 yerli marşalın fəaliyyət göstərməsi nəzərdə tutulur. Bundan əlavə, 40 ölkəni təmsil edən 110 beynəlxalq marşal da yarışın təşkilinə cəlb olunacaq.

Artıq təcrübə qazanan azərbaycanlı marşallar beynəlxalq yarışlarda da iştirak edirlər. Hər il 25-30 yerli marşal müxtəlif ölkələrdə keçirilən Formula 1 yarışlarında fəaliyyət göstərir.

2026-cı ildə iki azərbaycanlı marşal ilk dəfə Monako Qran-Prisində çalışıb. Əvvəlki illərdə isə yerli marşallar ABŞ (2021) və Əbu-Dabi Qran-prilərində müxtəlif vacib tapşırıqları yerinə yetiriblər.

Bundan başqa, 2022-ci ildə Bakıdakı yarış zamanı postlardan birinin tamamilə qadın marşallardan təşkil olunması Formula 1 tarixində ilk belə hal kimi qeydə alınıb.







Formula-1