- Formula-1
- 23:30 17.09.2026
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen “Ferrari”nin son dünya çempionu Kimi Raykkonenin oğlu Robin Raykkonenin “Red Bull”un yarış akademiyasına keçidini şərh edib.
90deqiqe.Az-ın “FormulaPassion"a istinadən məlumatına görə, Verstappen Monzada keçirilən yarış zamanı Kimi və Robinlə görüşündən də danışıb.
“Robinlə bəzi məsləhətləri bölüşmək? Düşünürəm ki, o, onsuz da atasından kifayət qədər yaxşı məsləhətlər alır. Monzadakı yarışdan əvvəl onlar orada olarkən bir qədər söhbət etdik. Onu görmək xoş idi. Onun müqavilə imzalayacağını bilirdim. Təbii ki, Formula-1 komandası ilə müqavilə imzalamaq onun üçün böyük hadisədir. Amma sonda əsas olan nəticələrdir.
O, qarşısında duran işə – kartinqə köklənməli və diqqətini buna yönəltməlidir. Əminəm ki, Robin və Kimi bu barədə tez-tez danışırlar. Ona görə də mənim narahat olmağım üçün heç bir səbəb yoxdur”, - deyə Verstappen bildirib.
Niderlandlı pilot Raykkonen ailəsinin Robin üçün nəticələrə və davamlı inkişafa böyük önəm verdiyini vurğulayıb.
“Onlar nəticələrə, Robinin daim öyrənməsinə və inkişaf etməsinə çox diqqət yetirirlər. Mən onun müxtəlif yarış növlərində iştirak etməsini də bəyənirəm. Hansı avtomobildə yarışmasının fərqi yoxdur, Kimi ona texniki imkan yaradır, Robin isə öz işini görür.
Bunu izləmək mənə xoşdur. Çünki bir qədər öz uşaqlığımı xatırladır. Mən də hər cür avtomobillə yarışırdım və hansı maşında çıxış etdiyim əsas deyildi. Düşünürəm ki, bu, sürücünün inkişafı və ümumilikdə avtomobili idarə etmək bacarığı baxımından çox vacibdir.
Onun “Red Bull” ailəsinin bir hissəsinə çevrilməsi çox yaxşıdır. Ümid edirəm ki, ildən-ilə inkişafını davam etdirəcək və daha da güclənəcək”, - deyə Verstappen əlavə edib.