18 sentyabr 2026. Cümə

Bakıda "Formula 1" yarışları zamanı bu yollar açıq olacaq


  • Formula-1
  • 10:11 18.09.2026
  • Oxunma sayı: 14
Bakıda "Formula 1" yarışları zamanı bu yollar açıq olacaq

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən 90deqiqe.Az-a verilən məlumata görə, şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək məqsədilə yarış günlərində bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyat üçün açıq olacaq.

İlkin məhdudiyyət sentyabrın 19-da saat 21:00-dan qüvvəyə minəcək. Bu məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsini əhatə edəcək və tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-də saat 01:00-dan sentyabrın 28-də saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.

Bununla yanaşı, sentyabrın 21-22-də bəzi tranzit dəhlizləri səhər saat 07:00-09:00 və axşam 18:00-20:00 aralığında nəqliyyatın hərəkəti üçün açıq olacaq. Sentyabrın 23-də isə həmin yollar 07:00-09:00 və 20:00-22:00 saatlarında istifadəyə veriləcək.

Açıq olacaq giriş istiqamətləri bunlardır:

  • Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
  • M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi və İstiqlaliyyət küçələri istiqamətində;
  • S. Vurğun küçəsindən Üzeyir Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
  • Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
  • Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
  • Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.

Çıxış istiqamətləri isə Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall, İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti, həmçinin Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətlərini əhatə edəcək.

Qeyd olunan saatlarda ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti tranzit dəhlizləri vasitəsilə təmin ediləcək.

Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, parklanma, eləcə də sərnişinlərin minməsi və düşməsi qadağan ediləcək. Həmin ərazilərdə maksimal sürət həddi 50 km/saat müəyyənləşdirilib.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.







Formula-1