22 sentyabr 2026. Çərşənbə axşamı

FİA 2027-ci il üçün ADUO qaydalarını dəyişə bilər


FİA 2027-ci il üçün ADUO qaydalarını dəyişə bilər

FİA Formula 1-də mühərrik istehsalçılarına tətbiq olunan ADUO sisteminin qaydalarını 2027-ci il mövsümündən etibarən dəyişməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın “The Race"ə istinadən məlumatına görə, buna səbəb sistemin cari çempionatda tətbiqi zamanı ortaya çıxan problemlərdir. Dəyişikliklərin mümkün məqsədlərindən biri yeni nəsil güc qurğularına keçiddə çətinlik yaşayan “Honda”ya əlavə imkanların yaradılması ola bilər.

ADUO sistemi ilkin olaraq mühərrikin hazırlanmasında ciddi səhvlərə yol verən istehsalçılara əlavə təkmilləşdirmələr aparmaq və rəqiblərlə fərqi azaltmaq imkanı vermək üçün yaradılıb.

Lakin hazırkı sistemdə istehsalçıların qiymətləndirilməsi yalnız daxiliyanma mühərrikinin gücünə əsaslanır. Güc qurğusunun ümumi effektivliyi nəzərə alınmır. Bu səbəbdən çempionata liderlik edən “Mercedes” əlavə təkmilləşdirmə mərhələsindən yararlanmaq imkanı əldə edib. “Red Bull” isə mövcud meyara əsasən ən güclü mühərrikə sahib olduğu üçün bu imkandan məhrumdur.

Məlumata görə, FİA hazırda bir neçə dəyişiklik variantını nəzərdən keçirir. Bunlardan biri daxiliyanma mühərrikinin gücünün hesablanması prinsipinin dəyişdirilməsidir. Bu zaman turbokompressorun ölçüsü, iş temperaturu və mühərrikin gücünə təsir edən digər amillərin də nəzərə alınması təklif olunur.

Digər variantda isə ayrıca daxiliyanma mühərrikinin göstəricisi əvəzinə güc qurğusunun ümumi effektivliyinin qiymətləndirilməsi nəzərdə tutulur. İstehsalçılara əlavə təkmilləşdirmə hüququ verən meyarların daha ciddi şəkildə dəyişdirilməsi də istisna edilmir.

ADUO məsələsinin Formula 1 Komissiyasının yaxın iclasında müzakirəyə çıxarılması gözlənilir. Komandalarla məsləhətləşmələrdən sonra dəyişikliklər üzərində iş Güc Qurğuları üzrə Məsləhət Komitəsinə (PUAC) təqdim oluna bilər.

Hazırda sistemdə dəyişikliklərlə bağlı yekun qərar qəbul edilməyib.







Formula-1