- Formula-1
- 23:34 22.09.2026
"Formula 1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikalinin 2025-ci ildəki gəliri açıqlanıb.
90deqiqe.Az-ın “PlanetF1"ə istinadən məlumatına görə, Formula 1 Management (FOM) şirkətinin illik hesabatında ən yüksək maaş alan rəhbərə ümumilikdə 7,999 milyon funt-sterlinq (təxminən 10,7 milyon dollar) ödənildiyi göstərilib. Sənəddə rəhbərin adı qeyd olunmasa da, söhbətin Domenikalidən getdiyi bildirilir.
Bu məbləğin 1,962 milyon funt-sterlinqi uzunmüddətli motivasiya proqramının payına düşüb. Məbləğin bir hissəsi isə səhm opsionlarının reallaşdırılması ilə bağlı olub. Buna görə də təxminən 8 milyon funt-sterlinq rəhbərin baza maaşı hesab edilmir.
Qeyd edək ki, 2024-cü ildə FOM-un ən yüksək maaş alan rəhbərinə 8,765 milyon funt-sterlinq ödənilmişdi.
Hesabata əsasən, FOM-un 2025-ci il üzrə gəliri 9,2 faiz artaraq 393,4 milyon funt-sterlinqdən 429,6 milyon funt-sterlinqə yüksəlib. Vergidən əvvəlki mənfəət isə 19,9 milyon funt-sterlinqdən 20 milyon funt-sterlinqə çatıb.
Çempionatın logistika, səfərlər, televiziya yayımı və texniki təminat xərcləri 8 faiz artaraq 207,1 milyon funt-sterlinq təşkil edib. FOM-da çalışanların sayı da il ərzində 726-dan 803 nəfərə yüksəlib.