- Formula-1
- 22:56 23.09.2026
FIA və mühərrik istehsalçıları "Formula 1" üçün yeni güc qurğusunun əsas xüsusiyyətləri ilə bağlı razılığa gəliblər.
90deqiqe.Az-ın “Motorsport Italia"ya istinadən məlumatına görə, yeni "Formula 1" mühərriki 3,0 litr həcmli, turbokompressorlu V8 olacaq.
Yeni güc qurğusunda 100 kVt gücündə elektrik mühərrikindən istifadə ediləcək. Elektron sistemlər sadələşdiriləcək, həmçinin hazırkı güc qurğuları ilə müqayisədə çəkidə ən azı 50 kiloqram azalma nəzərdə tutulur.
Şəhər traslarında səs-küy səviyyəsinə tətbiq olunan məhdudiyyətlər səbəbindən atmosfer mühərriki əvəzinə turbokompressorlu variantın seçildiyi bildirilir.
Yeni mühərrikdə ötmələri asanlaşdırmaq üçün “IndyCar” seriyasındakı “push to pass” sisteminə bənzər mexanizmin tətbiqi də müzakirə olunur. Bu sistemin 2030-cu ildən etibarən istifadəyə verilməsi nəzərdən keçirilir.
3,0 litr həcmli V8 mühərrik arxitekturası uzun müddətdir müzakirə olunurdu. Lakin son danışıqlarda istehsalçıları ən çox fikir ayrılığına salan məsələlərdən biri turbokompressorun tətbiqi olub. Alternativ olaraq atmosfer mühərrikinin istifadəsi də nəzərdən keçirilib. Bu variant xüsusilə 2000-ci illərin əvvəllərindəki Formula 1 avtomobillərinin səsini xatırlayan azarkeşlər üçün cəlbedici hesab olunurdu.
Yeni V8 mühərriki elektrikləşmədən tamamilə imtina etməyəcək. Layihəyə 100 kVt gücündə elektrik mühərrikinin daxil edilməsi nəzərdə tutulur. Bu göstərici hazırkı nəsil güc qurğularında istifadə olunan elektrik komponentlərinin gücündən əhəmiyyətli dərəcədə aşağıdır.
Elektron sistemlərin də daha sadə olması planlaşdırılır. Məqsəd elektrikləşməni Formula 1-də saxlamaqla yanaşı, hazırkı güc qurğularında olduğu kimi mürəkkəb texnologiyalardan mümkün qədər uzaqlaşmaqdır.
Beləliklə, yeni Formula 1 mühərrik konsepsiyasında elektrik komponentləri öz yerini qoruyacaq, lakin onların ümumi güc qurğusundakı rolu əhəmiyyətli dərəcədə azalacaq.