- Formula-1
- 23:38 25.09.2026
“Uilyams”ın pilotu Karlos Sayns Azərbaycan Qran-prisində start mövqeyində 5 pilləlik cəza alıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı pilot sarı bayraqlar zamanı sürəti kifayət qədər azaltmadığı üçün cəzalandırılıb. Bundan əlavə, Saynsın lisenziyasına 2 cərimə balı əlavə olunub və son 12 ay ərzində topladığı cərimə ballarının sayı 4-ə yüksəlib.
FIA-nın rəsmi qərarında bildirilir ki, 4-cü və 5-ci marşal sektorlarında tək sarı bayraqlar nümayiş etdirilib. Sarı siqnallar aydın görünürmüş və Sayns komandasından radio vasitəsilə də xəbərdarlıq alıb. Pilot özü də sarı bayraqlardan xəbərdar olduğunu təsdiqləyib.
Sayns izah edib ki, sarı bayraqların qüvvədə olduğu bütün hissədə sürəti azaltmaq niyyətində olub. O, düz yolda sürəti azaltmağı zəruri hesab etmədiyini, 3-cü döngəyə yaxınlaşarkən və döngədən çıxarkən reaksiyasını nümayiş etdirməyi planlaşdırdığını bildirib.
Pilot həmçinin sarı bayraqların yaranmasına səbəb olan avtomobilin artıq təhlükəsizlik zonasından uzaqlaşdığını və buna görə də bayraqların götürüləcəyini gözlədiyini qeyd edib.
Lakin stüardlar bu izahı qəbul etməyiblər. Qərarda vurğulanıb ki, ardıcıl marşal sektorlarında sarı bayraqlar qüvvədədirsə, pilot hər bir ayrı sektorda sürəti əhəmiyyətli dərəcədə azaltmalıdır. Növbəti sektorda sürətin azaldılması əvvəlki sektorda qüvvədə olan tələbin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz.
Telemetriya məlumatları Saynsın sarı bayraqlara reaksiyasının yalnız 5-ci marşal sektorunda baş verdiyini göstərib. 4-cü sektorda isə sarı bayraqlara reaksiya kimi qiymətləndirilə biləcək əhəmiyyətli sürət azalması qeydə alınmayıb.
FIA-nın qərarına əsasən, Sayns sarı bayraqlardan xəbərdar olub, komandası tərəfindən xəbərdarlıq alıb və buna baxmayaraq 4-cü marşal sektorunda tələb olunan reaksiyanı nümayiş etdirməyib.