- Formula-1
- 23:38 25.09.2026
“Red Bull”un pilotu Maks Verstappen Azərbaycan Qran-prisinin sıralanma turunda yalnız 8-ci yeri tutduqdan sonra komandasının mühərrikinin işindən narazılığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot sıralanma zamanı mühərrikin normal işləmədiyini və avtomobilin sazlanmasında edilən dəyişikliklərin də uğurlu alınmadığını deyib.
“Sıralanmanın bütün mərhələsində mühərrik lazım olduğu kimi işləmədi. Avtomobilin sazlanmasında dəyişikliklər etdik, amma onlar da o qədər uğurlu olmadı. Komanda yoldaşımla müqayisədə düzlüklərdə artıq yarım saniyə geri qalırdım.
Sonra üçüncü seqmentdə maksimum nəticə göstərmək istəyirsən, amma birdən görürsən ki, batareyanın enerjisi yalnız yarıya qədər doludur, yüklənmir və işləmir. Mənə deyirlər: “Yarısı dolu batareya ilə dövrəni tamamlamalısan”. Mən də artıq tamamilə əsəbiləşmişdim. Həftəsonuna bu qədər yaxşı hazırlaşırsan, avtomobil əla işləyir, amma sıralanmada hər şey dağılır və artıq heç nə edə bilmirsən”, - deyə Ferstappen bildirib.
Pilot qeyd edib ki, batareyanın enerjisinin yalnız yarı səviyyəsində olması səbəbindən dayandırdığı dövrədən sonra təkərlər həddindən artıq soyuyub.
“Şinlər çox soyudu. Hücum edə bilmirsən, çünki heç nə işləmir və buna görə də təkərləri lazımi şəkildə qızdırmaq mümkün olmur. Nəticədə son dövrədə də lazımi tutuş çatışmırdı.
Bundan əlavə, mühərriklə bağlı eyni problem, mühərrik əyləcinin qəribə işləməsi var. Elə bil bəzi döngələrdə birdən əl əyləcini çəkirsən. Bəli, burada ciddi şəkildə nəyinsə qaydasında olmadığı hiss olunur”, - deyə Verstappen vurğulayıb.