- Formula-1
- 23:13 29.09.2026
Esteban Okonun “Toyota”nın heyətində Dünya Dözümlülük Çempionatında (WEC) çıxış edə biləcəyi ilə bağlı məlumatlar öz təsdiqini tapmayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “GPblog” məlumat yayıb.
Daha əvvəl 2026-cı il mövsümünün sonunda “Haas” komandasını tərk edəcək fransalı pilotun karyerasını WEC-də Yaponiyanın “Toyota” komandasında davam etdirə biləcəyi bildirilib.
Lakin “GPblog”un məlumatına görə, “Toyota”nın gələn mövsüm WEC üçün heyəti dəyişməyəcək. Komandanın heyətində Mayk Konvey, Kamui Kobayaşi, Nik de Vries, Sebastyan Buemi, Brendon Hartli və Ryo Hirakava qalacaq.
Okon 2027-ci il mövsümündə “Formula-1”də yer əldə etməyə ümid edir. Lakin hazırda onun üçün boş variantların sayı olduqca məhduddur. Pilot heyətini hələ açıqlamayan yeganə komanda “Haas”dan başqa “Racing Bulls”dur. Bununla belə, Okon həmin komandanın namizədləri sırasında nəzərdən keçirilmir.
Mənbənin məlumatına görə, fransalı pilot “Formula-1”də yer əldə etsə belə, onun əsas heyətdə deyil, yalnız ehtiyat pilot kimi çıxış etmək ehtimalı var.
2027-ci il üçün ehtiyat pilotunun adını hələ açıqlamayan yeganə komanda isə “Cadillac”dır.