- Formula-1
- 23:37 02.10.2026
“Ferrari”nin pilotu Luis Həmilton “Audi”nin sürücüsü Qabriel Bortoletoya mane olduğu üçün xəbərdarlıq alıb.
90deqiqe.Az-ın məlumatına görə, hadisə Malayziyada keçirilən Bəhreyn Qran-prisinin ikinci sərbəst yürüşündə 9-cu döngəyə yaxınlaşarkən baş verib. Eyni zamanda “Ferrari” komandası pilotunu daha sürətli bolidin yaxınlaşması barədə xəbərdar etmədiyinə görə 10 min avro cərimələnib.
Hakimlər insidenti videoyazılar, telemetriya, radio danışıqları və bolidlərin kameralarından əldə olunan görüntülər əsasında araşdırıblar.
Müəyyən edilib ki, Hamilton təxminən 80-85 km/saat sürətlə hərəkət edib. Isinmə dövrəsində olan Bortoleto isə təxminən 240 km/saat sürətlə ona yaxınlaşıb. Hamilton düz yolun sonunda trasın ortasından yarış trayektoriyasına keçib. Nəticədə Bortoleto sürətini azaltmalı və toqquşmadan yayınmaq üçün manevr etməli olub.
Hakimlər Hamiltonun sağ yan güzgüsünün zədələnməsini və komandanın radio vasitəsilə ona Bortoletonun yaxınlaşması barədə məlumat verməməsini də nəzərə alıblar. “Ferrari” nümayəndələri isə bildiriblər ki, yaxınlaşan pilot sürətli dövrədə deyilsə, belə xəbərdarlıqlar adətən verilmir.
Bortoleto özü bolidin idarəetməsini itirmədiyini və toqquşmadan yayına bildiyini təsdiqləyib.
Bununla belə, stüardlar hesab ediblər ki, Hamilton aşağı sürətlə yarış trayektoriyasına çıxaraq daha sürətli bolidə lüzumsuz şəkildə maneə yaradıb. Bortoletonun sürətli dövrədə olmaması da bu qərara təsir etməyib.
Hakimlər hadisənin təhlükəli maneə yaratma kimi qiymətləndirilməsi ehtimalını da nəzərdən keçiriblər. Lakin Bortoletonun bolidin idarəetməsini saxlaması və qəzanın qarşısını ala bilməsi, həmçinin Hamiltonun zədələnmiş güzgüsü və Bortoletonun isinmə dövrəsində olması yüngülləşdirici hallar kimi qəbul edilib.
Nəticədə Hamilton məşq zamanı belə hallar üçün nəzərdə tutulan standart xəbərdarlıqla kifayətlənib.
“Ferrari” isə ayrıca cəzalandırılıb. Hakimlərin fikrincə, komanda Hamiltonun sağ güzgüsünün zədələndiyini bildiyi üçün sürətli dövrədə olub-olmamasından asılı olmayaraq, ona əhəmiyyətli dərəcədə sürətli bolidin yaxınlaşması barədə xəbərdarlıq etməli idi.
Bu səbəbdən “Skuderiya” 10 min avro məbləğində cərimələnib.