- Formula-1
- 22:59 05.10.2026
Formula-2 üzrə 2027-ci il mövsümünün təqvimi açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, çempionat 14 mərhələdən ibarət olacaq və yarışlar Asiya, Okeaniya, Avropa və Amerika qitələrində keçiriləcək. Təqvimə İstanbul (Türkiyə) və Mexiko (Meksika) daxil edilib. Həmçinin 2026-cı ildə uğurlu debütdən sonra Monreal (Kanada) mərhələsi də təqvimə qayıdıb.
İstanbul və Mexiko mərhələləri oktyabr ayında keçiriləcək. Yeni yarışların əlavə olunması təqvimi daha balanslı edəcək və Lusail (Qətər) və “Yas Marina”da (BƏƏ) keçiriləcək son iki mərhələ öncəsi uzun fasiləni aradan qaldıracaq.
2027-ci il mövsümü mart ayında Bəhreynin Saxir şəhərində start götürəcək. İlk mərhələ Formula-1 ilə birlikdə keçiriləcək. Bir həftə sonra pilotlar Səudiyyə Ərəbistanının Ciddə şəhərində mübarizə aparacaqlar. Daha sonra yarışlar Avstraliyanın Melburn və Kanadanın Monreal şəhərlərində keçiriləcək.
Avropa mərhələləri iyunda Monakoda başlayacaq. İyul ayında Böyük Britaniyanın Silverstoun və Avstriyanın Şpilberq şəhərlərində ardıcıl yarışlar keçiriləcək. Bundan sonra yay fasiləsi olacaq.
Sentyabrda isə üç mərhələ baş tutacaq. Pilotlar əvvəlcə İtaliyanın Monza, daha sonra İspaniyanın Madrid və Azərbaycanın Bakı şəhərlərində yarışacaqlar.
Oktyabr ayında Formula-2 tarixində ilk dəfə İstanbul mərhələsi keçiriləcək. Ardınca çempionat Meksikoya yollanacaq.
2027-ci il mövsümü dekabr ayında iki mərhələ ilə başa çatacaq. Əvvəlcə Qətərin Lusail şəhərində, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinin “Yas Marina” avtodromunda mövsümün son yarışı keçiriləcək.