- Formula-1
- 18:59 10.10.2026
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarımfinal mərhələsində Cəmilə Muradlı (57 kq) İtaliya təmsilçisi Morena Stifanini 4:1 hesabı ilə məğlub edib. O, finalda Almaniya boksçusu Aliya İbrahimlə qarşılaşacaq.
Səma Abbasova (66 kq) da uğurlu çıxışını davam etdirib. Rusiyalı İustina Anufriyeva üzərində 4:1 hesablı qələbə qazanan idmançımız qızıl medal uğrunda həlledici döyüşdə Türkiyə təmsilçisi Ada Eybeylə üz-üzə gələcək.
Həsrət Məmmədov (46 kq) İrlandiya boksçusu Ronan Çarlza 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Onun rəqibi Rumıniya təmsilçisi Kristi Kaşu olacaq.
İsmayıl Nəsirzadə (52 kq) yarımfinalda irlandiyalı Martin Nevi 5:0 hesabı ilə üstələyib. Azərbaycanlı boksçu finalda İngiltərə təmsilçisi Şaylo Makleodla qarşılaşacaq.
Məhəmmədəli İstamov (57 kq) isə Ukrayna idmançısı Nikita Zaxarçenkoya 5:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. İstamovun finaldakı rəqibi İngiltərə boksçusu Con Elam olacaq.
Azərbaycan millisinin daha üç üzvü — Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) yarımfinalda məğlub olaraq Avropa çempionatının bürünc medallarına sahib olublar.
Beləliklə, Azərbaycan millisi U-17 Avropa çempionatında 5 finalçı ilə təmsil olunacaq.
Qeyd edək ki, çempionatın final görüşləri oktyabrın 11-də keçiriləcək.