- Formula-1
- 23:00 12.10.2026
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen Sinqapur Qran-prisində qalib gələrək “Red Bull” komandasının heyətində qələbələrinin sayını 73-ə çatdırıb.
90deqiqe.Az-ın məlumatına görə, bununla da niderlandlı pilot bu göstəriciyə görə “Formula-1” tarixində ikinci pilləyə yüksələrək Mixael Şumaxeri geridə qoyub.
Almaniyalı pilot 1996-2006-cı illərdə “Ferrari”nin heyətində 72 qələbə qazanıb. Şumaxer həmin dövrdə, 2000-2004-cü illərdə ardıcıl beş dəfə dünya çempionu olub.
Reytinqə yeddiqat dünya çempionu Luis Hemilton başçılıq edir. Britaniyalı pilot “Mercedes”in heyətində 84 qələbə qazanıb. O, 2013-2024-cü illərdə Almaniya komandasını təmsil etdikdən sonra “Ferrari”yə keçib. Verstappenin Hemiltonun göstəricisini təkrarlaması üçün daha 11 qələbə qazanması lazımdır.
İlk altılıqda həmçinin “Red Bull”la 38 qələbə qazanan Sebastyan Fettel, “Maklaren”in heyətində 35 dəfə finiş xəttini birinci keçən Ayrton Senna və bu komanda ilə 30 qələbə əldə edən Alen Prost yer alırlar.