13 oktyabr 2026. Çərşənbə axşamı

“Yeni V8 mühərriki 2030-cu ildə tətbiq olunacaq”


  • Formula-1
  • 22:42 13.10.2026
  • Oxunma sayı: 29
“Yeni V8 mühərriki 2030-cu ildə tətbiq olunacaq”

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem “Formula-1”də V8 mühərriklərinin 2030-cu ildə yenidən tətbiq olunacağını təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, FIA rəhbərinin sözlərinə görə, yeni mühərriklərin tətbiqi ilə avtomobillərin çəkisi təxminən 80 kiloqram azalacaq. Bundan əlavə, mühərriklə bağlı tədqiqat və təkmilləşdirmə xərclərinin, eləcə də digər məsrəflərin ən azı 50 faiz azaldılması hədəflənir.

“2030-cu ilin ən yaxşı tərəfi odur ki, bu istiqamətdə birlikdə çalışırıq və yeni V8 mühərriki həmin il tətbiq olunacaq. Məqsədlərdən biri daha yüngül avtomobillərdir. Onların çəkisi təxminən 80 kiloqram azalacaq. Bəlkə də bunu mətbuata deməməliyəm, amma qərar artıq verilib.

İkinci məqsəd iqtisadi dayanıqlılığı təmin etməkdir. Bu, tədqiqat və təkmilləşdirmə xərclərinin, eləcə də mühərriklə bağlı məsrəflərin ən azı 50 faiz azaldılması deməkdir. Üçüncü məsələ azarkeşlərlə bağlıdır. Söhbət səs-küydən deyil, mühərrikin səsindən gedir”, – deyə Ben Sulayem “Nexten-Auto”ya açıqlamasında bildirib.

O, V8 mühərriklərinin tətbiqinin 2031-ci ilə qədər təxirə salınmayacağını da vurğulayıb. FIA prezidentinin sözlərinə görə, bu təşəbbüs “Formula-1”in kommersiya hüquqlarının sahibi FOM və mühərrik istehsalçılarının dəstəyini qazanıb.

Ben Sulayem yeni mühərriklərin 2030-cu ildə tətbiq ediləcəyinə əmin olduğunu bildirib.







Formula-1