14 oktyabr 2026. Çərşənbə

Davin Cəfərov Formula 4 bolidi ilə testlərdə uğurlu nəticə göstərib


  • Formula-1
  • 14:29 14.10.2026
  • Oxunma sayı: 46
Davin Cəfərov Formula 4 bolidi ilə testlərdə uğurlu nəticə göstərib

Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiyada yerləşən “Slovakia Ring” yarış trasında iki gün davam edən testləri uğurla başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, sınaqların əsas məqsədi pilotun sürücülük bacarıqlarını, texniki hazırlığını və inkişaf potensialını qiymətləndirmək, eləcə də potensial sponsorlar üçün rəsmi texniki hesabat hazırlamaq olub.

Bu, Davin Cəfərovun Formula 4 bolidi ilə ikinci test təcrübəsi olub. Onun ilk sınaqları Portuqaliyanın Portimao trasında güclü yağış şəraitində keçirilib. Beləliklə, “Slovakia Ring” azərbaycanlı pilotun Formula 4 bolidini quru trasda idarə etdiyi ilk yarış meydançası olub.

Uzunluğu 5,935 kilometr olan “Slovakia Ring” Avropanın ən uzun daimi yarış traslarından biri hesab olunur.

Testlərin ən diqqətçəkən nəticəsi Cəfərovun 2 dəqiqə 4,282 saniyəlik dövrə göstəricisi olub. O, bu nəticə ilə trasda ilk beşlik uğrunda mübarizə aparan təcrübəli pilotun təsnifat göstəricisindən cəmi 0,75 saniyə geri qalıb.

Komandanın texniki hesabatında qeyd olunub ki, Davin ilk sessiyalardan etibarən bolidə sürətlə uyğunlaşıb, yüksək idarəetmə bacarığı və sürət potensialı nümayiş etdirib. Pilotun əsas üstünlükləri arasında sürət hissi, bolid üzərində dəqiq nəzarət, öyrənmə qabiliyyəti və peşəkar yanaşma göstərilib.

Komandanın yekun rəyinə əsasən, “Slovakia Ring”dəki sınaqlar Davin Cəfərovun Formula 4-də gələcək inkişafı baxımından ümidverici nəticələr ortaya qoyub.







Formula-1