16 oktyabr 2026. Cümə

Maks Verstappenə Portimaoda baş verən qəza ilə bağlı cəza verilib


  • Formula-1
  • 21:34 16.10.2026
  • Oxunma sayı: 43
Maks Verstappenə Portimaoda baş verən qəza ilə bağlı cəza verilib

“Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen "GT World Challenge Europe Endurance Cup" yarışının Portimao mərhələsində ilk sərbəst məşq zamanı baş verən toqquşmada təqsirli bilinib.

90deqiqe.Az-ın məlumatına görə, hakimlər niderlandlı pilotun trasdakı davranışına görə ona xəbərdarlıq edib və bir cərimə xalı veriblər.

Hadisə üçüncü döngədə baş verib. Verstappen argentinalı pilot Esekiel Peres Kompansın idarə etdiyi 25 nömrəli “Audi”ni daxili trayektoriya ilə keçməyə çalışıb. Lakin avtomobillər arasında kifayət qədər məsafə qalmayıb, toqquşma baş verib və Peres Kompansın bolidi fırlanıb. Verstappen hadisəyə komanda radiosu vasitəsilə emosional reaksiya verib.

Hakimlər hər iki pilotun izahatını dinləyib və insidentin video görüntülərini araşdırıblar. Peres Kompans qarşıdakı avtomobilləri izlədiyini və sağ tərəfində 3 nömrəli bolidi görmədiyini bildirib. O, hadisəni uğursuz yarış insidenti kimi qiymətləndirib.

Verstappen isə rəqibinin döngənin xarici tərəfində qalacağını düşündüyünü və onun dönməyə başlamasına təəccübləndiyini deyib.

Hakimlərin bəyanatında bildirilib: “Vəziyyətin hərtərəfli araşdırılmasından sonra belə qənaətə gəlinib ki, 3 nömrəli avtomobilin pilotu üçüncü döngədə 25 nömrəli avtomobillə qarşısı alına biləcək toqquşmaya səbəb olub və insidentə görə tam məsuliyyət daşıyır”.

Cəza müəyyən edilərkən yüngülləşdirici hallar da nəzərə alınıb. Toqquşma ilk sərbəst məşqin ilk dövrəsində baş verib, həmçinin öndəki avtomobillər “Audi”nin mümkün hərəkət trayektoriyasını məhdudlaşdırıb.

Nəticədə Verstappen xəbərdarlıq və bir cərimə xalı ilə cəzalandırılıb. Qeyd edək ki, üç cərimə xalı pilotun start düzülüşündə avtomatik olaraq beş mövqe itirməsinə səbəb olur.







Formula-1