21 oktyabr 2026. Çərşənbə

"Həmilton “Red Bull”a keçmək istəyirdi"


  • Formula-1
  • 23:43 20.10.2026
  • Oxunma sayı: 47
"Həmilton “Red Bull”a keçmək istəyirdi"

“Red Bull” komandasının sabiq rəhbəri Kristian Horner avtobioqrafik “Drive” kitabında Luis Həmiltonla Adrian Nyuinin Askot yaxınlığındakı evində keçirdiyi gizli görüş barədə danışıb. Onun sözlərinə görə, həmin vaxt britaniyalı pilot “Red Bull”a keçməyi nəzərdən keçirib və bunun üçün nə etməli olduğunu soruşub.

90deqiqe.Az xəbər verir ki, Hornerin kitabından bir hissəni “Crash.net” nəşri yayımlayıb.

“Luis Həmiltonun “Maklaren”də özünə inamını itirdiyi görünürdü. Kənardan onun Censon Battonla münasibətləri gərgin təsir bağışlayırdı. 2012-ci il mövsümü ərzində yaşanan bir sıra texniki nasazlıqlardan sonra isə sanki getdikcə mübarizədən əl çəkirdi. Yarışlarda vaxtaşırı qarşılaşırdıq və onun “Red Bull”un sadəcə enerji içkisi istehsalçısı olduğunu deməsinə baxmayaraq, münasibətlərimiz həmişə yaxşı olub. Bununla belə, sabiq dünya çempionunun özünü bu qədər müdafiəsiz vəziyyətdə göstərməsi mənə qəribə gəlirdi.

Bir dəfə telefonumu yoxlayarkən buraxılmış zəng və mesajların olub-olmadığına baxırdım. Ekranda onun atasının nömrəsini gördüm. Lyuisin “Red Bull”a münasibətinin dəyişib-dəyişmədiyini düşündüm. Daha sonra Adrianın Askot yaxınlığındakı evində Lyuislə gizli görüş təşkil ediləndə şübhələrim təsdiqləndi. O, “Maklaren”dən ayrılmaq istəyirdi və “Red Bull” onun üçün üstünlük verdiyi variant idi.

Masa arxasında əyləşəndə məndən soruşdu: “Sizə qoşulmaq üçün nə etməliyəm?” Emosiyalarını gizlətməyi bacarmayan Adrianın sevincinin həddi-hüdudu yox idi. Mən də onu yaxşı başa düşürdüm. Sebastyan Fettel və Luis Həmiltondan ibarət heyət inanılmaz dərəcədə cəlbedici görünürdü.

Təbii ki, Helmut Marko bu xəbəri eşidəndə narazı qaldı. Lyuisin gəlişi onun himayəsində olan Sebastyana təsir edə bilərdi və Helmutun narahat olduğu aydın idi. Buna baxmayaraq, bu ideya ilə maraqlandığım üçün vəziyyəti araşdırmağa qərar verdim.

Saymon Fuller yumşaq ünsiyyət tərzi ilə tanınırdı, lakin onun ilk təklifi belə diqqətimi çəkdi: “Səninlə birlikdə Məhəmməd Əlidən bəri idman dünyasının ən böyük müqaviləsini bağlaya bilərik”. Mən güldüm, çünki o vaxta qədər idman agentlərinin işlətdiyi ifadələrə alışmışdım. Saymon böyük məbləğ qazanmaq istəyirdi, “Red Bull” isə bunun üçün sərvət xərcləməli olacaqdı. Marketinq baxımından aşkar üstünlüklərinə baxmayaraq, bu ideyanı fəal şəkildə irəli sürmədim. Ancaq Lyuislə müqavilə başqa birinin marağına səbəb ola bilərdi. Həmin şəxsin kim olduğunu təxmin edirdim.

2012-ci ilə qədər Lyuis artıq əfsanəvi fiqura çevrilmişdi. O, 2007-ci ildə “Maklaren”lə debüt mövsümündə dörd qələbə qazanmışdı. Beş il sonra isə partlayıcı sürəti ilə seçilən, elit səviyyəli pilot və bəlkə də avtoidman tarixinin ən sürətli sürücülərindən biri idi. O, 2008-ci ilin dünya çempionu olmuş, Qran-pri mərhələlərində 17 qələbə qazanmış və 19 dəfə poul mövqeyinə sahib çıxmışdı. Yaş trasda möhtəşəm çıxış edir, cəsarətlə yarışır və boliddən maksimum nəticə əldə etməyi bacarırdı. Bundan başqa, o, istənilən marketoloqun arzuladığı sima idi. Lyuis çoxsaylı reklam kampaniyalarında və televiziya çarxlarında iştirak edirdi. Ümumilikdə, o, Sebastyan üçün demək olar ki, ideal rəqib idi.

“Red Bull” pilotlarının səviyyəsini daim yüksəltməyə çalışan Adrian bu perspektivdən xüsusilə həyəcanlanmışdı. Mən onu qınaya bilməzdim. Əlbəttə, əsas maneə pul idi. Luisin “Red Bull”a gətirilməsi üçün olduqca böyük məbləğ tələb olunardı”, – deyə Horner kitabında yazıb.







Formula-1