- Formula-1
- 23:17 26.10.2026
“Mercedes” komandasının pilotu Corc Rassell ABŞ Qran-prisində sürətinin aşağı düşməsinin səbəblərini müəyyənləşdirmək üçün mühəndislərlə birlikdə məlumatları təhlil edəcək.
90deqiqe.Az-ın “RacingNews365 ” nəşrinə istinadən məlumatına görə, britaniyalı pilot komanda yoldaşı Andrea Kimi Antonellidən niyə bu qədər geri qaldığını hələ də anlamadığını etiraf edib.
“Hazırda suallarımın cavabı yoxdur. Hər şeyi götür-qoy etmək və vəziyyəti aydın qiymətləndirmək üçün özümə 24 saat vaxt verməliyəm. Bolidin optimal işlədiyi diapazon çox məhduddur. Bunu Malayziyada da gördük: Antonelli üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi, lakin sonradan sıralanma turunu dördüncü və səkkizinci yerlərdə başa vurduq.
Bu həftəsonu sıralanma turunun ikinci seqmentində hər ikimiz liderlər arasında idik. Ancaq üçüncü seqmentdə mən rəqiblərimdən xeyli geri qaldım. Yarışda da eyni vəziyyət yaşandı.
Antonelli açıq şəkildə çox rəqabətədavamlı idi. Əlamətlər göstərir ki, bolidin optimal işləmə diapazonu olduqca dardır. Ümid edirəm, bu, niyə lazımi sürəti əldə edə bilmədiyimi izah edir. Bununla belə, vəziyyəti komanda ilə birlikdə dərindən araşdırmalıyam. Çünki rəqibimdən niyə bu qədər geri qaldığımı anlamaq çətindir.
Mənim üçün əsas məsələ komandamızın Konstruktorlar Kubokunda qalib gəlməsidir. Digər pilotlar arasında ən yaxşı nəticəni göstərmək istərdim. Amma ikinci, üçüncü və ya beşinci yer çempionluq demək deyil. Buna görə də həmin nəticələr mənim üçün o qədər də əhəmiyyət daşımır”, – deyə Rassell bildirib.