- Formula-1
- 23:49 27.10.2026
Beynəlxalq Avtomobil Federasiyası (FİA) güc qurğuları istehsalçılarına “Formula-1”in yeni texniki reqlamenti ilə bağlı ilkin təkliflərini təqdim edib.
90deqiqe.Az-ın məlumatına görə, FİA 2030 və ya 2031-ci ildə çempionatda daha sadə və ucuz, 2–2,3 litr həcmli V8 turbomühərriklərin tətbiqini nəzərdən keçirir.Bu barədə BBC məlumat yayıb.
Təklif olunan sənədə əsasən, yeni mühərriklər daha kiçik turbina və daha az güclü hibrid sistemlə təchiz ediləcək. Elektrik sisteminin maksimal gücü hazırkı 350 kVt-dan 200 kVt-a endiriləcək. Bunun 100 kVt-ı daim əlçatan olacaq, digər 100 kVt-dan isə ötmə zamanı və ya “Push-to-pass” rejimində istifadə etmək mümkün olacaq. Təxminən 900 at gücünə çatacağı gözlənilən ümumi gücün əsas hissəsini daxiliyanma mühərriki təmin edəcək.
FİA həmçinin bolidlərin çəkisini 80 kq azaltmağı və istehsalçıların xərclərini aşağı salmağı hədəfləyir. Təkliflər arasında güc qurğularının hazırlanması üçün büdcə limitinin 50 faiz azaldılması da var. Hazırda bu limit ildə 190 milyon dollar təşkil edir. Bununla belə, yeni qaydalara keçidin konkret vaxtı və mexanizmləri hələ razılaşdırılmalıdır.
Nəzərdən keçirilən variantlardan biri mövcud mühərrik konstruksiyalarında minimum dəyişikliklər edilməsini nəzərdə tutur. Məsələn, hazırkı 1,6 litrlik V6 mühərrikinə iki silindr əlavə etməklə, turbina və MGU-K elektrik mühərrikinin ölçülərini kiçiltməklə 2,1 litrlik V8 mühərriki hazırlamaq mümkün ola bilər.
Alternativ variant isə yüksək dərəcədə standartlaşdırılmış baza güc qurğusunun kənar istehsalçı tərəfindən hazırlanmasını nəzərdə tutur. Lakin hazırkı mühərrik təchizatçıları bu sahədə rəqabətin qorunması üçün güc qurğularını müstəqil şəkildə hazırlamaq imkanının saxlanılmasını istəyirlər.