30 oktyabr 2026. Cümə

FİA prezidentindən Formula-1 pilotlarına qarşı təhdidlərlə bağlı sərt açıqlama


  • Formula-1
  • 23:49 29.10.2026
  • Oxunma sayı: 59
FİA prezidentindən Formula-1 pilotlarına qarşı təhdidlərlə bağlı sərt açıqlama

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd ben Süleym Formula-1 pilotlarının və əməkdaşlarının sosial şəbəkələrdə təhqir və təhdidlərə məruz qalmasını şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, federasiya rəhbəri belə hallara qarşı sərt tədbirlərin görüləcəyini bildirib.

“Pyer Qasliyə 13 min təhdid ünvanlanıb. 13 min! Nifrət azarkeşlərdən qaynaqlanırsa, onların yarışlara gəlməsini qadağan edəcəyik. Bu, media nümayəndələrindən qaynaqlanırsa, onların da yarışlara girişinə qadağa qoyacağıq. Çünki bunun üçün müvafiq səlahiyyətlərimiz var. Təhdid edənlər internetdə gizlənirlərsə, süni intellekt onları ifşa edəcək.

Bir dəfə qadın stüarda qarşı öldürülmə və zorlanma təhdidləri səsləndirilmişdi. Nəticədə o, bu işin buna dəymədiyini söylədi. Formula-1 pilotlarının azarkeşləri var və onlar həmin azarkeşlərə belə müraciət edə bilərlər: “Dayanın! Əgər belə davranır, başqalarını ölümlə hədələyirsinizsə, mənim azarkeşim olmağınızı istəmirəm”, – deyə Məhəmməd ben Süleyminin sözlərini GPblog nəşri yayıb.

Qeyd edək ki, daha əvvəl Pyer Qasli İspaniya Qran-prisində argentinalı komanda yoldaşı Franko Kolapinto ilə yaşanan insidentdən sonra ailəsinə təhdidlər ünvanlandığını açıqlayıb. Xatırladaq ki, Qasli təzə təkərlərlə arxadan gələn Kolapintonun ötməsinə mane olub. Bu hadisə sosial şəbəkələrdə azarkeşlərin qəzəbinə səbəb olub.







Formula-1