- Formula-1
- 22:16 02.11.2026
“Mercedes” komandasının pilotu, Formula 1-in yeni dünya çempionu Kimi Antonelli 2026-cı il mövsümündə qazandığı titul üçün 20 milyon avro bonus əldə edəcək.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı pilotun maaşı ilə birlikdə illik ümumi gəlirinin 26 milyon avroya çatacaq. Bu barədə “Business Book GP” illik nəşrinin müəllifi, fransalı jurnalist Mark Limaşenin qiymətləndirmələrində qeyd olunub.
20 yaşlı Antonellinin illik maaşı 6 milyon avrodur. Müqayisə üçün, onun debüt etdiyi 2025-ci ildə ümumi gəliri 9 milyon avro qiymətləndirilirdi. Həmin mövsüm “Mercedes” Konstruktorlar Kubokunda ikinci yeri tutduqdan sonra pilot 6 milyon avro bonus almışdı.
Çempionluq titulu Antonellinin növbəti müqaviləsinin şərtlərinə də təsir göstərə bilər. Limaşenin məlumatına görə, “Mercedes” qışda pilota 2030-cu ilin sonunadək qüvvədə olacaq, mövsümlük maaşı 25-35 milyon avro arasında dəyişən müqavilə təklif edə bilər. Bununla belə, hələlik bu məlumat şayiələrə əsaslanır.
Müqayisə üçün, Antonellinin komanda yoldaşı Corc Rasselin 2026-cı ildəki gəliri 35 milyon avro qiymətləndirilir. Mənbənin iddiasına görə, britaniyalı pilotun müqaviləsində komanda yoldaşı ilə müqayisədə nəticələrinə bağlı xüsusi şərt var. Bu mövsüm Antonelliyə uduzduğu üçün Rasselin qazancının azala biləcəyi bildirilir.