- Formula-1
- 21:30 03.11.2026
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci ildən Formula-1 komandalarının güc qurğularında sıxılma dərəcəsinin yoxlanılması qaydalarına dəyişiklikləri yekun olaraq təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Motorsport Italia” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, FIA digər mühərrik istehsalçılarını böyük maliyyə xərcləri tələb edən texnoloji mübarizəyə sürükləməmək üçün radikal qərarlardan yayınmağa çalışır.
Qəbul edilən dəyişikliklərə əsasən, 2027-ci ildən “Mercedes” mühərrikindəki ikili yanma kamerası həlli, eləcə də “Red Bull”un altısilindrli mühərrikinin silindr başlığında tətbiq olunan oxşar texnologiya qüvvədən düşəcək.
Yeni qaydalara əsasən, mühərriklərin sıxılma dərəcəsi yanma kamerasına yerləşdirilən xüsusi sensor vasitəsilə real vaxt rejimində ölçüləcək. Beləliklə, yoxlamalar zamanı mühərrikin soyumasını gözləməyə ehtiyac qalmayacaq.
Məlumata görə, “Mercedes” mühərrikin soyuq vəziyyətində qaydalara uyğun olan, lakin qızdıqda əvvəlki sıxılma dərəcəsini bərpa etməyə imkan verən texniki həll hazırlamışdı. Bu isə komandaya rəqabət üstünlüyü qazandırırdı.
Əvvəlki yoxlama prosedurunda ölçmələr mühərrikin ətraf mühit temperaturunda aparıldığından, bu texniki fərqin müəyyənləşdirilməsi çətinləşirdi. Yeni sensor sisteminin tətbiqi ilə FIA-nın bu cür hallara daha dəqiq nəzarət etməsi gözlənilir.
Xatırladaq ki, 2026-cı il texniki reqlamentinə əsasən, Formula-1 mühərriklərinin sıxılma dərəcəsi 16:1 həddini keçməməlidir. Əvvəlki illərdə isə bu göstərici 18:1-ə çatırdı.