5 noyabr 2026. Cümə axşamı

Formula-1 üzrə dünya çempionu Alan Cons vəfat edib


  • Formula-1
  • 22:10 05.11.2026
  • Oxunma sayı: 16
Formula-1 üzrə dünya çempionu Alan Cons vəfat edib

Formula-1 üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı əfsanəvi pilot Alan Cons 80 yaşında vəfat edib.

90deqiqe.Az xəbər verir ki, idmançının ölümünü həyat yoldaşı Amanda açıqlayıb. Bildirilib ki, Cons noyabrın 5-də xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. O, 80 illik yubileyini qeyd etdikdən cəmi üç gün sonra vəfat edib.

Alan Cons Formula-1 tarixində dünya çempionu titulunu qazanan sonuncu avstraliyalı pilot olaraq qalır.

Onun həyat yoldaşı Amanda ailə adından yayılan açıqlamada idmançının vəfatından dərin kədər hissi keçirdiklərini bildirib:

“Sevimli Alanımızın vəfatını dərin hüznlə bildiririk. O, qısamüddətli xəstəlikdən sonra noyabrın 5-də dünyasını dəyişib. Onun yoxluğu hər zaman hiss olunacaq. Alanı ailəmizin və çoxsaylı pərəstişkarlarının əhatəsində sevgi və ehtiramla xatırlayacağıq. O, hər zaman azarkeşlərinin dəstəyinə görə minnətdar idi.

Alan həyatını avtomobil idmanına həsr etmişdi. O, yolunun kəsişdiyi saysız-hesabsız insanların yaddaşında yaşayacaq böyük irs qoyub getdi. Qazandığı uğurlar, idmana olan sonsuz sevgisi və həm trasda, həm də ondan kənarda özünəməxsus xarakteri ilə Alan həm ölkəsində, həm də dünya miqyasında avtoidman tarixində silinməz iz qoydu.

Ailəmiz adından Alanın həyat yolunun bir parçası olmuş hər kəsə uzun illər ərzində göstərdikləri dostluğa, sevgiyə və dəstəyə görə təşəkkür edirik. Ətrafında bu qədər gözəl insanın olması onun üçün böyük xoşbəxtlik idi”.

Qeyd edək ki, Alan Cons 1980-ci ildə “Williams” komandası ilə Formula-1 üzrə dünya çempionu olub. O, karyerası ərzində 12 Qran-prinin qalibi olub və Avstraliya avtoidmanının ən parlaq simalarından biri kimi tarixə düşüb.







Formula-1