- Formula-1
- 23:38 05.11.2026
“Ferrari” komandasının pilotu Luis Hemilton Meksika Qran-prisində komanda yoldaşı Şarl Leklerlə yaşanan insidentdən sonra səsləndirdiyi sərt fikirlərindən geri çəkilməyib.
90deqiqe.Az xəbər verir ki, britaniyalı pilot “Motorsport” nəşrinə açıqlamasında emosiyalarını gizlətmədiyini və dediklərinə görə üzr istəmək niyyətində olmadığını bildirib.
“Mənim sözlərim barədə başqalarının nə düşündüyü o qədər də maraqlı deyil. Emosiyalarımı gizlətmirəm və həmin anda nə hiss edirəmsə, onu deyirəm. Bəziləri bütün açıqlamalarımın əvvəlcədən düşünüldüyünü iddia edirdi. Ancaq bunu təkzib etmək istəyirəm.
Yarış zamanı nəbzim dəqiqədə təxminən 170 vurur, avtomobili isə saatda 200 mil sürətlə idarə edirəm. Belə anlarda sözlərimi əvvəlcədən planlaşdırmağa və jurnalistlərin nə yazacağını düşünməyə vaxtım olmur.
Əlbəttə, bəzən insan nəsə deyə və sonradan buna görə peşman ola bilər. Ancaq mən dediklərimə görə peşman deyiləm və səmimi olduğum, həqiqətən düşündüklərimi söylədiyim üçün heç vaxt üzr istəməyəcəyəm. Heç kimin məni susdurmasına imkan verməyəcəyəm. Komanda da məndən açıqlama verməməyi tələb etməyib. Mən beləyəm”, – deyə pilot bildirib.