6 noyabr 2026. Cümə

Həmilton “Ferrari”nin gələn mövsüm titul qazana biləcəyinə inanır


  • Formula-1
  • 23:38 06.11.2026
  • Oxunma sayı: 13
Həmilton “Ferrari”nin gələn mövsüm titul qazana biləcəyinə inanır

“Ferrari” komandasının pilotu Luis Həmilton gələn mövsüm həm pilotlar, həm də konstruktorlar çempionatında titul uğrunda mübarizə apara biləcəklərinə inanır.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı sürücü Braziliya Qran-prisinin media günündə bildirib ki, hazırda əsas məqsəd növbəti mövsüm üçün möhkəm təməl yaratmaqdır.

“İndi əsas məsələ gələn il düzgün mövqedə olmaq üçün zəmin hazırlamaqdır. Müəyyən mənada, belə bir təcrübə qazandığımıza görə hətta sevinirəm. Əlbəttə, qələbə qazanmağa və dubla imza atmağa üstünlük verərdim. Lakin belə vəziyyətlərdən dərs çıxarmaq mümkündür və düşünürəm ki, nəticədə daha da güclənə bilərik. Bundan əlavə, pərdə arxasında böyük səylə çalışan inanılmaz insanlar var.

Bu il güc qurğusu baxımından rəqiblərimizdən bir qədər geri qaldığımızı anlayırıq. Bununla belə, bolidimiz mövsüm boyu əla idi, etibarlılığı da yüksək səviyyədə qaldı. Hər dəfə trasa çıxanda komanda üçün mümkün olan ən yaxşı nəticəni göstərməyi düşünürəm. Həmişə buna nail ola bilmirəm, amma məhz belə məqamlardan dərs çıxarırsan.

Düşünürəm ki, illər keçdikcə və təcrübə topladıqca ümumi mənzərəni daha yaxşı anlamağa başlayırsan. Xüsusilə də belə böyük kollektivlə işləyərkən. Burada keçirdiyim illər və müxtəlif komandalarla çalışmağım mənə bu üstünlüyü qazandırıb. Gələn il qələbələr qazanacağımıza və çempionluq uğrunda mübarizə aparacağımıza həqiqətən inanıram. Bu, bizim yeganə məqsədimizdir”, – deyə Həmilton bildirib.







Formula-1