- Formula-1
- 19:37 07.11.2026
Formula-1 üzrə dörd pilot 2026-cı il mövsümündə güc qurğusunun elementlərindən istifadə limitini aşıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) noyabrın 7-də yayımladığı rəsmi hesabatda bildirilib.
“Red Bull” komandasının pilotu Maks Verstappen, “Ferrari” təmsilçiləri Şarl Lekler və Lyuis Həmilton, eləcə də “Kadillak” pilotu Serxio Peres daxiliyanma mühərrikinin (ICE) beşinci nümunəsindən istifadə edirlər. Halbuki qaydalara əsasən, hər pilot üçün bu limit dörd mühərrikdir.
Bundan başqa, Verstappen və Peres beşinci turbokompressoru (TC) quraşdırıblar. “Red Bull” pilotu, həmçinin egzoz sisteminin beşinci komplektindən (EXH) istifadə edir.
Peres isə icazə verilən üç ədəd əvəzinə dördüncü kinetik enerji generatorunu (MGU-K) quraşdırıb.
Beləliklə, hər dörd pilot güc qurğusunun ən azı bir elementi üzrə müəyyən edilmiş limiti keçib. Bu səbəbdən onların San-Paulu Qran-prisinin start düzülüşündə cərimə alması gözlənilir. Yekun qərarı yarış stüardları verəcək.