- Formula-1
- 16:31 10.11.2026
"Etihad Airways" aviaşirkəti “Maklaren” komandasının korporativ rənglərində bəzədilmiş “Boeing 787 Dreamliner” təyyarəsini təqdim edib.
90deqiqe.Az-ın məlumatına görə, bu, “Formula-1” komandasının livreyinin geniş gövdəli sərnişin təyyarəsində ilk dəfə istifadə olunmasıdır.
Xüsusi dizayn noyabrın 9-da Əbu-Dabidə "Etihad"ın mühəndislik mərkəzində keçirilən tədbirdə nümayiş etdirilib. Təyyarənin təqdimatı Ginnesin Rekordlar Kitabına da düşüb. Təşkilatçılar obyektin təqdimatı zamanı istifadə olunan ən böyük bütöv örtük parçası üzrə rekord müəyyənləşdiriblər.
Təyyarənin dizaynında “Maklaren”ə xas elementlər, o cümlədən papayya rəngindən istifadə olunub. O, "Etihad"ın Əbu-Dabini Avropa, Asiya və digər regionların şəhərləri ilə birləşdirən beynəlxalq marşrutları üzrə uçuşlar həyata keçirəcək. Marşrutlar arasında Dublin, Milan, Vyana, Bali, Banqkok və Dehli də var.
"Etihad Airways" 2026-cı il mövsümündə “Maklaren”in “Formula-1” komandası və hiperkar proqramının rəsmi tərəfdaşı olub. Aviaşirkətin loqotipləri MCL40 bolidlərinin, o cümlədən arxa antiqanadın və “halo” qoruyucu konstruksiyasının üzərində, eləcə də pilotların dəbilqələrində yerləşdirilib.