- Formula-1
- 17:09 10.11.2026
“Mercedes” komandasının pilotu Corc Rassell kartinqlə bağlı yaxın günlərdə mühüm yenilik açıqlayacağını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, britaniyalı sürücü noyabrın 9-da sosial şəbəkə hesabında avtoidmana ilk addımlarından bəhs edən video paylaşıb. Kadrlarda onun uşaqlıq illərində kartinq yarışlarında iştirakı əks olunub. Videonun sonunda isə 12 noyabr 2026-cı il tarixi göstərilib.
“Kartinq həyatımın böyük bir hissəsini əhatə edib. Mən yarış trasında böyümüşəm. Məndən əvvəl böyük qardaşım Benji kartinqlə məşğul olub, özüm isə yeddi yaşımda müntəzəm yarışlara qatılmağa başlamışam. İlk gündən bu idman növünü sevmişəm. Kartın sükanı arxasında hiss etdiyim inanılmaz adrenalin hələ də yadımdadır. Məhz o vaxt pilot olmaq istədiyimi anladım.
Kartinq mənə yarışların əsaslarını öyrətdi və indiki pilot kimi formalaşmağıma kömək etdi. Xəyallar bir gecədə gerçəkləşmir, lakin əzmkarlıq, məqsədyönlülük və uyğun fürsət sayəsində hər kəsin buna nail olmaq şansı var. İndi mənə çox şey qazandıran bu idmana borcumu qaytarmağın vaxtıdır”, – deyə Rassell bildirib.
Paylaşım GR63 Academy adlı yeni hesabla birgə yayımlanıb. Bu isə britaniyalı pilotun öz kartinq komandası və ya yarış akademiyasını yaratdığını elan edəcəyi ilə bağlı ehtimallara səbəb olub.
Rassell hələlik planının təfərrüatlarını açıqlamayıb.