- Formula-1
- 17:09 10.11.2026
“Mercedes” komandasının pilotu Corc Rassell Braziliya Qran-prisinin San-Pauluda keçirilən sıralanma turundan sonra Beynəlxalq Avtomobil Federasiyasının (FİA) mətbuat konfransını vaxtından əvvəl tərk edib.
90deqiqe.Az-ın məlumatına görə, britaniyalı sürücü poul uğrunda mübarizə apara bilmədiyinə görə narazılığını gizlətməyib. Onun davranışını daha sonra aparıcı Tom Klarkson da şərh edib.
Sıralanma turunda ikinci yeri tutan Rassell həlledici cəhd zamanı yarış mühəndisi Markus Dadlinin göstərişi ilə dövrəni yarımçıq saxlayıb. Buna səbəb ikinci sektorda “Uilyams”ın pilotu Aleks Albonun bolidi ilə qarşılaşması olub. Rassell poul qazanmaq üçün kifayət qədər sürətə malik olduğunu düşünsə də, az sonra yağış güclənib və nəticəsini yaxşılaşdırmaq imkanı qalmayıb.
Bundan sonra pilot komanda ilə radioəlaqə zamanı sərt reaksiya verib. Klarksonun sözlərinə görə, Rassellin narazılığı mətbuat konfransında da davam edib.
“O, mətbuat konfransı hələ davam edərkən zalı tərk etdi. Artıq səbri tükənmişdi. Ondan yarış mühəndisi Markus Dadlinin xahişi ilə başa vurmadığı dövrə barədə soruşdum. Sualları cavablandırmaqdan yorulanda sadəcə ayağa qalxıb getdi. Öz-özümə düşündüm: “Corc, bir az sakitləşməlisən, çünki bu vəziyyət səni getdikcə daha çox öz təsiri altına alır”, – deyə Klarkson “F1 Nation” podkastında bildirib.
O, həmçinin yarış zamanı Rassellin pit-leynində bolidi fırlatdığı səhvi də xatırladıb. Bundan başqa, bu, pilotun bir həftə ərzində mətbuat qarşısındakı bütün öhdəliklərini yerinə yetirmədiyi ikinci hal olub.