- Formula-1
- 17:09 10.11.2026
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd ben Süleym “Formula-1” üzrə dünya çempionatının mövsümünün əvvəlcədən planlaşdırıldığı kimi Qətər və Əbu-Dabidə başa çatacağını təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Qətər və Əbu-Dabiyə geri sayım başlayıb. Qarşıdakı iki möhtəşəm yarış həftəsonunun təşkili üçün bütün diqqətimizi səfərbər etmişik. Pilotlarımız, komandalarımız və azarkeşlərimiz üçün hər şeyi təmin etmək məqsədilə tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Hər kəsi iki maraqlı yarış həftəsonunda və “Formula-1” mövsümünün unudulmaz finalında görməyi səbirsizliklə gözləyirik”, – deyə ben Süleym yazıb.
Çempionatın final mərhələlərinin ardıcıl üç yarışdan ibarət olması nəzərdə tutulub. Las-Veqas Qran-prisindən sonra komandalar Qətərə, daha sonra isə Əbu-Dabiyə yollanacaqlar.
Lakin mart ayında ABŞ və İran arasında müharibənin başlamasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi yarışların ilkin təqvimə uyğun keçirilməsini sual altına alıb.
Alternativ variant kimi İmola trası nəzərdən keçirilir. “Formula-1” rəhbərliyi Qətər və Əbu-Dabiyə səfəri təhlükəli hesab edərsə, İmola dekabrın əvvəlində bir mərhələyə ev sahibliyi edə bilər.