- Formula-1
- 23:10 14.11.2026
“Liverpul” və “Boston Red Sox” klublarının sahibi olan Fenway Sports Group (FSG) şirkətinin Formula 1-də çıxış edən “Kadillak” komandasının səhmlərini almaq planı gözlənilməz maneə ilə üzləşə bilər.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, sövdələşmənin reallaşması üçün ABŞ pilotu Bred Keselovskinin razılığı tələb olunur.
Məlumata əsasən, Keselovski ilə FSG arasında imzalanmış müqavilədə tərəflərin bir-birinin razılığı olmadan NASCAR-dan kənar avtomobil idmanı layihələrində iştirak edə bilməyəcəyini nəzərdə tutan bənd var.
Mümkün sövdələşmənin müzakirəsi bu şərtin pozulması hesab edilmir. Lakin pilotun razılığı olmadan “Kadillak” komandasının səhmlərinin alınması ilə bağlı müqavilənin imzalanması öhdəliklərin pozulması kimi qiymətləndirilə bilər. Bildirilir ki, Keselovski hələlik belə razılıq verməyib.
Qeyd edək ki, Bred Keselovski RFK Racing komandasının səhmlərinin 20 faizinə sahibdir. Digər payçılar arasında Roush Enterprises və FSG də yer alır.
Sentyabrın sonunda amerikalı pilotun 2027-ci ildə öz komandasının tərkibində yarışmayacağı məlum olub. RFK Racing tərəflərin Keselovskinin şirkətin səhmdarları sırasından çıxması barədə razılığa gəldiyini açıqlasa da, hələlik yalnız şifahi razılaşma əldə olunub.
“The Athletic”in mənbələrinin məlumatına görə, Keselovskinin komandanın ortaq sahibləri sırasından çıxması prosesi başa çatdıqdan sonra müqavilədəki məhdudiyyət də qüvvədən düşəcək.