15 noyabr 2026. Bazar günü

“Çempionluq naminə bu mövsümü qurban verdik”


  • Formula-1
  • 23:10 14.11.2026
  • Oxunma sayı: 57
“Çempionluq naminə bu mövsümü qurban verdik”

“Maklaren” komandasının pilotu Lando Norris 2025-ci ildə kollektivin niyə əsas diqqətini çempionluq mübarizəsinə yönəltdiyini və bunun növbəti mövsümə hazırlığa necə təsir etdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilotun sözlərinə görə, texniki reqlamentdəki böyük dəyişiklikləri nəzərə alsaq, hər iki mövsümdə çempionluq qazanmaq demək olar ki, mümkünsüz idi.

“Düşünmürəm ki, bu mövsüm çox səhvə yol verdik. İlin əvvəlində əvvəlki mövsümdən sonra yeni reqlamentə keçidlə əlaqədar bizi ciddi sınağın gözlədiyini anlayırdıq. Ümumilikdə, rəqiblərimizlə aramızdakı fərqi uğurla azaltmağı bacardıq. Mövsümün əvvəlində “Mercedes”dən və digər komandalardan bir saniyədən çox geri qalırdıq, lakin bu fərqi aradan qaldıra bildik. Məncə, bu, uğursuzluqdan daha çox nailiyyətdir.

Bu ili uğursuz hesab etmək istəmirəm. Axı biz ardıcıl iki çempionluq qazanmışıq. Üçüncü dəfə də ardıcıl çempion olmaq çox iddialı hədəf olardı.

Reqlamentdə ən böyük dəyişikliklərdən birinin baş verdiyi şəraitdə çempionluq qazanmaq, demək olar ki, əlçatmaz arzu idi. Hər şeyi eyni vaxtda etmək mümkün deyil: əvvəlki mövsümdə titul uğrunda mübarizə aparmaq, bolidi təkmilləşdirmək üçün hər fürsətdən yararlanmaq və eyni zamanda cari mövsümə də eyni əminliklə hazırlaşmaq. Bu, sadəcə, mümkün deyil.

Kompromis əvvəlki mövsümdə qalib gəlmək naminə bu mövsümü qurban verməkdən ibarət idi. Biz bu strategiyaya sadiq qalmağa davam edəcəyik”, – deyə Norris “RacingNews365”ə bildirib.







Formula-1