- Formula-1
- 18:49 15.11.2026
“Maklaren” komandasının pilotu, Formula 1 üzrə dünya çempionu Lando Norris psixi sağlamlıq mövzusunda fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, britaniyalı pilot bu barədə “Laureus”a açıqlamasında danışıb.
Norris bildirib ki, idmanda qazandığı uğurlara, yarışlardakı qələbələrinə və televiziya vasitəsilə insanların diqqət mərkəzində olmasına baxmayaraq, ictimaiyyətin görmədiyi çətinliklərlə də üzləşir:
“Düşünürəm ki, işimi yaxşı görməkdən, qalib gəlməkdən və bütün bu uğurlardan aldığım sevincdən başqa, insanların görmədiyi, haqqında danışmadığı çox şey var. Psixi sağlamlıq da məhz belə mövzulardan biridir. Mən bu barədə uzun illərdir danışıram. Yəqin ki, indi bu mövzunu daha çox gündəmə gətirmək və daha açıq olmaq üçün münasib zamandır.
Yarışlarda qalib gəlsəm də, dünyanın ən yaxşı işinə sahib olduğumu düşünsəm də, bunları şikayət kimi qəbul etmək lazım deyil. Sadəcə, insanlara mənim də yaşadıqlarımı anlaya bilmələri üçün fürsət yaratmaq istəyirəm. Həyatımda çox gözəl məqamlar və üstünlüklər var. Bununla belə, mənim də bəzən çətinlik çəkdiyim, öhdəsindən gəlməyə çalışdığım problemlər olur. İnsanlar isə çox vaxt bunları görmürlər.
Bu barədə danışmaq və yaşadıqlarımı açıq bölüşmək mənim üçün həmişə rahat olub. Sosial şəbəkələrdə aldığım mesajlar, insanların mənə ünvanladığı kiçik məktublar çox şey ifadə edir. Ən dəyərlisi isə onların sadəcə qələbələrimə görə təbrik etməsi deyil, psixi sağlamlıq barədə açıq danışdığıma və keçdiyim çətinlikləri bölüşdüyümə görə təşəkkür etmələridir.
Belə mesajlar mənə insanlarla xüsusi bağ qurmağa imkan verir. Onlar məni sadəcə televiziyada Formula 1 bolidinin sükanı arxasında gördükləri ulduz kimi deyil, özləri ilə eyni çətinlikləri yaşayan bir insan kimi qəbul edirlər. Bu hiss mənim üçün istənilən kuboku, dünya çempionluğunu və ya yarış qələbəsini qazanmaqdan daha dəyərlidir.
Bu mövzuda danışmaq mənim üçün çox özəldir və bunu etməkdən məmnunam. Ümid edirəm ki, daha çox insan öz çətinlikləri barədə açıq danışacaq və dünyanın hər yerində başqalarına onların da oxşar hisslər yaşadıqlarını göstərəcək. Bu, həqiqətən də çox vacibdir”, – deyə Norris bildirib.