17 noyabr 2026. Çərşənbə axşamı

Verstappen Las-Veqas Qran-prisinin əsas çətinliyini açıqlayıb


  • Formula-1
  • 23:13 16.11.2026
  • Oxunma sayı: 60
Verstappen Las-Veqas Qran-prisinin əsas çətinliyini açıqlayıb

“Red Bull” komandasının pilotu, dördqat “Formula-1” dünya çempionu Maks Verstappen noyabrın 20-dən 22-dək keçiriləcək Las-Veqas Qran-prisi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot “RB22” bolidinin Las-Veqas trasına nə dərəcədə uyğun olacağı ilə bağlı sualı cavablandırıb.

“Bunu heç bilmirəm. Çünki Las-Veqas trası çox fərqlidir və onun xüsusiyyətlərini anlamaq olduqca çətindir. İlk növbədə, enerji sərfiyyatı məsələsi var. Burada çox uzun düz yol sahəsi mövcuddur. Düşünürəm ki, maksimum sürətə çatmaq üçün düz yolun ortalarına qədər enerjini qorumaq lazım gələcək. Bu il həmin hissədə enerjini düzgün bölüşdürmək vacib olacaq. Bu, çox çətin olacaq.

Əslində, tras bir qədər Monzaya bənzəyə bilər. Orada rəqibin hava axınından istifadə etmək kifayət qədər effektivdir. Lakin əsas problem soyuq hava şəraitidir. Belə şəraitdə hər bolid tamamilə fərqli davranır. Bəzi avtomobillər belə traslarda gözlənilmədən çox yaxşı nəticə göstərir. Bunu əvvəlki illərdə də görmüşük.

Etiraf etməliyəm ki, bu səbəbdən Las-Veqas adətən bizim üçün ən əlverişli traslardan biri olmur. Amma görək, təkərləri lazımi iş temperaturuna gətirə biləcəyikmi. Açığı, uğurun açarı məhz budur”, – deyə Verstappenin sözlərini “RacingNews365” nəşri yayıb.







Formula-1