18 noyabr 2026. Çərşənbə

“Formula-1”də 2030-cu ildən V8 mühərriklərinə qayıdış planlaşdırılır


  • Formula-1
  • 23:51 17.11.2026
  • Oxunma sayı: 11
“Formula-1”də 2030-cu ildən V8 mühərriklərinə qayıdış planlaşdırılır

Beynəlxalq Avtomobil Federasiyası (FIA), “Formula-1” rəhbərliyi və güc qurğularının istehsalçıları 2030-cu il mövsümü üçün texniki reqlamentlə bağlı ilkin razılığa gəliblər.

90deqiqe.Az-ın “Çempionat” nəşrinə istinadən məlumatına görə, plana əsasən, çempionatda 2,1 litrlik turbomühərrikli V8 motorlarından istifadə bərpa oluna bilər.

V8 mühərriklərinə qayıdış ideyası bir müddətdir müzakirə olunur və bir sıra komandalar tərəfindən dəstəklənir. Qeyd edək ki, “Formula-1”də bu tip mühərriklərdən sonuncu dəfə 2013-cü ildə, hibrid V6 güc qurğularına keçiddən əvvəl istifadə edilib.

Yeni texniki reqlament hibrid sistemlərin rolunun azaldılmasını nəzərdə tutur. FIA güc qurğularını daha sadə, yüngül və ucuz etməklə yanaşı, dayanıqlı texnologiyalardan istifadə hesabına bolidlərin daha gur mühərrik səsinə qayıtmasını hədəfləyir.

Növbəti mərhələdə 2030-cu il üçün texniki reqlamentin yekun konsepsiyasının gələn ay Şanxayda keçiriləcək FIA-nın Ümumdünya Avtomobil İdmanı Şurasının iclasında təqdim edilməsi gözlənilir.

Bundan əlavə, hazırkı komandaların da daxil olduğu “Formula-1” Komissiyasının üzvləri mövcud mühərrik reqlamenti dövrünün 2029-cu ildə başa çatdırılmasını dəstəkləyiblər.







Formula-1