18 noyabr 2026. Çərşənbə

FIA “Formula-1”də ötmələri asanlaşdırmaq üçün qaydaları dəyişə bilər


FIA “Formula-1”də ötmələri asanlaşdırmaq üçün qaydaları dəyişə bilər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il mövsümündə trasda mübarizəni daha maraqlı etmək məqsədilə enerji istifadəsi qaydalarına mümkün dəyişiklikləri komandalarla müzakirə etməyi planlaşdırır.

90deqiqe.Az-ın “The Race” nəşrinə istinadən məlumatına görə, bu təşəbbüsə səbəb hazırkı sürət məhdudiyyətinin uzun düzlüklərdə ötmələri çətinləşdirməsi və yeddiqat dünya çempionu Lüis Hemiltonun tənqidlərinə yol açmasıdır.

Problem xüsusilə Meksika Qran-prisində özünü büruzə verib. Sürücülər saatda 350 kilometr sürət həddinə yaxınlaşarkən güc məhdudiyyəti ilə üzləşiblər. Mövcud qaydalara əsasən, sürət saatda 290 kilometri keçdikdən sonra elektrik mühərrikinin gücü 350 kVt-dan azalmağa başlayır, 345 km/saatda isə batareyadan enerji istifadəsi tamamilə dayandırılır.

Ötmə rejimi aktiv olduqda bu azalma 337,5 km/saatdan başlayır, elektrik mühərrikinin gücü isə 355 km/saatda sıfıra enir.

Hemilton Meksika Qran-prisindən sonra bu vəziyyətdən narazılığını bildirib. Onun sözlərinə görə, rəqibini hava axınında izləyən pilot məhz ona yaxınlaşdığı anda güc üstünlüyünü itirir.

Britaniyalı sürücü bu məsələni Braziliya Qran-prisinin cümə günü keçirilən pilotlar brifinqində də gündəmə gətirib. O, yarışların bir-birinin ardınca düzülmüş bolidlərdən ibarət prosesiyaya çevrilməməsi üçün 2027-ci il mövsümünədək məhdudiyyətlərə yenidən baxılmasını təklif edib. Müzakirələrdən sonra FIA mümkün dəyişiklikləri araşdırmağa və komandalarla müvafiq texniki və idman komitələri çərçivəsində məsləhətləşmələr aparmağa razılıq verib.

Bununla belə, sürət məhdudiyyətinin sadəcə ləğvi problemi həll etməyə bilər. Saatda təxminən 350 kilometr həddinin tətbiqi ilk növbədə təhlükəsizliklə bağlıdır. Traslar və təhlükəsizlik zonaları müəyyən sürət göstəriciləri nəzərə alınmaqla layihələndirilib. Pilotlar da saatda 400 kilometrə yaxın sürətlə təkər-təkərə mübarizənin təhlükələri ilə bağlı narahatlıqlarını bildiriblər.

Bundan başqa, məhdudiyyət aradan qaldırılsa, bolidlər düzlüklərdə daha sürətlə hərəkət edə bilsələr də, enerji ehtiyatını daha tez sərf edəcəklər. Nəticədə düz yolun sonuna yaxın güc itkisi baş verə və ötmələr yenə çətinləşə bilər.

Müzakirə edilən mümkün variantlardan biri ötmə rejimi üçün nəzərdə tutulan əlavə enerji ehtiyatının artırılmasıdır. Hazırda bu göstərici 0,5 meqacouldur. Bu həcm elektrik mühərrikinin 350 kVt maksimum güclə təxminən 1,43 saniyə əlavə işləməsinə imkan verir. Bir sıra istehsalçılar daha əvvəl bu göstəricinin artırılmasını təklif etsələr də, təşəbbüs lazımi dəstəyi qazanmayıb.

2027-ci ildə daxiliyanma mühərrikinin gücünün və turbokompressorun təzyiqinin artırılması hesabına güc qurğularının elektrik enerjisindən asılılığının azaldılması planlaşdırılır. Həmçinin batareyanın maksimum enerji ehtiyatı 4 meqacouldan 4,5 meqacoula yüksəldiləcək. Lakin ötmə rejimi üçün əlavə enerji ehtiyatının hələlik 0,5 meqacoul səviyyəsində saxlanılması nəzərdə tutulur.







Formula-1