- Formula-1
- 23:21 19.11.2026
“Red Bull” komandasının pilotu, dördqat dünya çempionu Maks Verstappen “Formula-1”də V8 mühərriklərinin yenidən tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, niderlandlı pilot bu barədə “Motorsport” nəşrinə açıqlamasında danışıb.
Verstappen V8 mühərriklərinə qayıdışın idman üçün müsbət addım olacağını bildirib. Bununla belə, onun fikrincə, daha yaxşı variant turbomühərrikdən və elektrik gücündən imtina edərək daha ənənəvi mühərriklərə keçməkdir.
“V8 mühərriklərinin geri qayıtması? Bilmirəm. Bu, şübhəsiz ki, daha yaxşı olardı. Ancaq 2030-cu ildən sonra nə edəcəyimi indidən deyə bilmərəm. Bununla belə, idmanın özü üçün bu, yaxşı seçimdir.
Qaydaları mən müəyyən etsəydim, 2030-cu ildə V8 mühərriklərini geri qaytarardım? Xeyr. Amma bu, həm də ona görədir ki, mənim təklif etdiyim bəzi traslarda yarışmağa icazə verilməyə bilərdi. Çünki səs-küy həddindən artıq yüksək olardı. Mənim qərarımdan asılı olsaydı, turbomühərriki və elektrik gücünü aradan qaldırardım.
Bəlkə də elektrik enerjisindən ötmə zamanı əlavə güc kimi istifadə etmək olardı, amma batareyanın indiki qədər böyük rolu olmazdı. Təbii ki, turbomühərrik olmadan yanacaq sərfiyyatı da xeyli artardı. Yarış zamanı yanacaq doldurulmasını istəmirsənsə, daha böyük yanacaq çəni lazım olardı. Buna görə də turbomühərrikin niyə saxlanılmasını istədiklərini başa düşürəm.
Hər şey tamamilə məndən asılı olsaydı, V10 mühərriklərinə və ya buna bənzər sistemə qayıdardım. Bu, daha da yaxşı səslənir. Amma bunun real olmadığını da anlayıram”, - deyə pilot bildirib.
Verstappen əlavə edib ki, mühərrik qaydalarında mümkün dəyişikliklər düzgün istiqamətdə atılan addımdır. Onun sözlərinə görə, bu qərar həm pilotların fikirlərinin nəzərə alınması, həm də hazırkı texniki reqlamentin idmanın ehtiyaclarına tam cavab vermədiyinin anlaşılması ilə bağlı ola bilər.
Bununla belə, pilot qeyd edib ki, V8 mühərriklərinin geri qaytarılması ilə bağlı hələ yekun qərar verilməyib və razılaşdırılmalı bir sıra məsələlər var.