- Formula-1
- 23:55 20.11.2026
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula-1 rəhbərliyi və güc qurğuları istehsalçıları ilə 2030-cu il mövsümünün texniki reqlamenti üzrə prinsipial razılığın əldə olunduğunu yenidən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, ilkin planlara əsasən, çempionatda 2,1 litrlik turbokompressorlu V8 mühərriklərindən istifadəyə qayıdılması nəzərdə tutulur. Bundan əlavə, V8 mühərriklərinin daha yüngül və çevik şassi ilə birləşdirilməsi planlaşdırılır. Yeni konsepsiyada pilotların ustalığına və trasdakı gərgin mübarizəyə daha çox önəm veriləcək.
Səkkizsilindrli mühərriklərə qayıdış ideyası bir müddətdir müzakirə olunur və artıq bir sıra komandaların dəstəyini qazanıb. Qeyd edək ki, Formula-1-də V8 mühərriklərindən sonuncu dəfə 2013-cü ildə, hibrid V6 güc qurğularına keçiddən əvvəl istifadə edilib.
Yeni reqlament hibrid sistemlərin rolunun azaldılmasını da nəzərdə tutur. FIA güc qurğularını daha sadə, yüngül və ucuz etməyi, eyni zamanda dayanıqlı texnologiyalardan istifadə etməklə bolidlərin daha gur mühərrik səsini geri qaytarmağı hədəfləyir.
Növbəti mərhələdə 2030-cu il üçün texniki reqlamentin yekun konsepsiyası gələn ay Şanxayda keçiriləcək FIA-nın Ümumdünya Avtomobil İdmanı Şurasının iclasında təqdim olunacaq.
Bundan başqa, hazırkı komandaların da təmsil olunduğu Formula-1 Komissiyasının üzvləri mövcud mühərrik reqlamenti dövrünün 2029-cu ildə başa çatdırılmasını dəstəkləyiblər.
Qeyd edək ki, bir neçə gün əvvəl FIA bu barədə yaydığı elanı rəsmi saytından silmişdi.