- Formula-1
- 23:31 25.11.2026
Formula 1-də 2030-cu ildə yeni mühərrik reqlamentinin qüvvəyə minməsindən sonra aktiv aerodinamika sistemindən imtina edilərək DRS-in yenidən tətbiqi gündəmə gələ bilər.
90deqiqe.Az-ın “The Race” nəşrinə istinadən məlumatına görə, hazırda ötmələrə kömək edən gələcək sistemin prinsipləri müzakirə olunur.
Məlumata əsasən, mövcud reqlamentdə istifadə edilən ön və arxa qanadların hərəkətli elementlərinin ləğvi gözlənilir. Onların əvəzinə DRS sisteminin yenidən tətbiqi nəzərdən keçirilir. Bununla bağlı yekun qərar isə yeni “push-to-pass” sisteminin necə işləyəcəyindən asılı olacaq.
Müzakirə olunan konsepsiyaya əsasən, güc qurğuları 200 kVt gücündə elektrik mühərriki ilə təchiz ediləcək. Yarış zamanı bu gücün 100 kVt-lıq hissəsi daim əlçatan olacaq, qalan güc isə ötmələrə kömək məqsədilə istifadə ediləcək. Pilotlar əlavə gücü mürəkkəb alqoritmlər olmadan, sadəcə düyməni basmaqla aktivləşdirə biləcəklər.
Əgər “push-to-pass” sistemi yalnız hücum məqsədilə istifadə olunarsa, onun DRS ilə eyni vaxtda tətbiqi ötmələr zamanı həddindən artıq üstünlük yarada bilər.
Digər variant isə pilotlara əlavə elektrik gücündən həm hücum, həm də mövqelərini qorumaq üçün istədikləri anda istifadə etmək imkanı verməkdir.
Bu halda DRS “push-to-pass” sistemini tamamlayaraq rəqiblərin eyni vaxtda əlavə gücdən istifadə etdiyi vəziyyətlərdə də ötmə imkanlarının qorunmasına kömək edə bilər.
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) hələlik sistemin yekun konfiqurasiyası ilə bağlı qərar verməyib. Buna görə də DRS-in Formula 1-ə qayıtması mümkün variantlardan biri olaraq qalır.