- Fransa L.1
- 13:30 21.11.2024
PSJ-nin prezidenti Nasser Əl-Xəlafi FİFA-ya 1 milyon avro ödəyib.
Corner.az "The Times" nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri dünyanın ali futbol qurumunun onunla bağlı şikayətini geri götürməsi üçün bu addımı atıb.
FİFA Əl-Xəlafinin qurumun sabiq baş katibi Jerom Valkeyə rüşvət verməsi ilə bağlı İsveçrə Prokurorluğuna şikayət etmişdi. Ancaq PSJ prezidenti təşkilatla saziş bağlayıb və 1 milyon avro ödəyib. Bundan sonra FİFA şikayətini geri götürüb.
Məsələ burasındadır ki, İsveçrədə prokurorlar rüşvət hallarını yalnız şikayət olduqda araşdıra bilər. FİFA şikayətini geri götürən kimi prokurorluq istintaqı dayandırmağa məcbur olub.
Qeyd edək ki, eyni zamanda "BeIN Media Group"un sahibi olan Əl-Xəlafi Jerom Valkeyə rüşvət verməkdə ittiham olunurdu. Sabiq baş katibin rüşvət qarşılığında 2013 - 2015-ci illərdə FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının yayımlamaq hüququnu "BeIN Media Group"un əldə etməsinə köməklik göstərdiyi bildirilirdi. Valkenin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunurdu.(qol)