Fransanın PSJ klubu hücumçusu Lionel Messini cəzalandırıb. Corner.az xəbər verir ki, buna Paris klubu rəhbərliyindən icazə almadan Səudiyyə Ərəbistanına reklam çəkilişində iştirak etmək üçün getməsi səbəb olub.
PSJ rəhbərliyi bu səbəbdən argentinalı ulduzu iki həftə müddətinə məşqlərdən kənarlaşdırıb. 35 yaşlı oyunçu bu müddət ərzində maaş da almayacaq. Qərar rəsmən açıqlanmasa da, yerli mətbuat Messinin qarşıdakı iki rəsmi matçda da komandasına kömək etməyəcəyini bildirib. Sözügedən oyunlar “Trua” və “Ayaçço”dır.
Xatırladaq ki, PSJ Liqa 1-in 33-cü turunda doğma meydanda “Loryan”a 1:2 hesabıyla uduzub. Klub rəhbərliyi bu oyunda qələbə qazanılacağı halda komandaya bir gün istirahət veriləcəyini söz versə də məğlub olduqları üçün ertəsi gün bütün kollektivə məşqə gəlinməsi deyilib. Messi isə məşqdə iştirakın yerinə rəhbərliyə bildirmədən ailəsi ilə birgə Səudiyyə Ərəbistanına yollanıb.
PSJ mövsümün başa çatmasına 5 tur qalmış 75 xalla Liqa 1-də vahid liderdir.