- Fransa L.1
- 00:12 09.01.2026
Fransa Superkuboku uğrunda keçirilən oyunda PSJ ilə “Marsel” üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, Küveytdəki “Caber əl-Əhməd” Beynəlxalq Stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə Paris təmsilçisi 4:1 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb.
Matçda hesabı 13-cü dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele açıb. “Marsel”in cavab qolu 76-cı dəqiqədə Meyson Qrinvuddan gəlib. İngilis futbolçu penalti zərbəsini dəqiq yerinə yetirib. 87-ci dəqiqədə PSJ-nin müdafiəçisi Vilyam Paço topu öz qapısından keçirib. Oyunun taleyini isə 90+5-ci dəqiqədə Qonsalu Ramuş həll edib və Paris klubunu məğlubiyyətdən xilas edib.
Penaltilər seriyasında daha dəqiq oynayan PSJ futbolçuları Superkuboku qazanıblar. Paris təmsilçisinin qapıçısı Luka Şevalye ardıcıl iki penalti zərbəsini dəf edərək görüşün əsas qəhrəmanlarından olub.
Qeyd edək ki, PSJ Fransa çempionatı və Fransa Kubokunun qalibi kimi Superkubok matçına vəsiqə qazanmışdı. “Marsel” isə ötən mövsüm Liqa 1-i ikinci pillədə başa vurduğu üçün bu oyunda iştirak edib.
Beləliklə, PSJ ardıcıl dördüncü dəfə Fransa Superkubokunu muzeyinə aparıb. Paris klubu sonuncu dəfə bu turnirdə 2021-ci ildə “Lill”ə 0:1 hesabı ilə məğlub olmuşdu.