- Fransa L.1
- 23:22 23.01.2026
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike ölkə çempionatının 19-cu turunda “Oser”lə keçiriləcək oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, Enrike bildirib ki, komanda hələ də çempionatda istədiyi səviyyəyə çatmayıb:
“Hal-hazırda çempionatda olmaq istədiyimiz səviyyədə deyilik. Rəqiblərimiz tez-tez dərin müdafiə blokları ilə oynayırlar, biz buna öyrəşmişik. Lider olmaq istəyirik, amma “Lans” əla formadadır və ardıcıl 10 qələbə qazanıb. Bu, çox maraqlı görünür”, – deyə baş məşqçi klubun rəsmi saytına açıqlamasında bildirib.
O, həmçinin “Oser”in ciddi problem yaradacağını vurğulayıb:
“Şübhəsiz, ‘Oser’ bizə çətinlik törədə bilər. Onların futbolçuları ‘Marsel’, ‘Lil’’, ‘Lans’ və ‘Strasbur’ komandalarının oyunçularını sinirləndiriblər. Turnir cədvəlində çətin vəziyyətdə olsalar da, bizə qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Artıq gördük ki, biz məğlubedilməz deyilik. Buna görə də diqqətli olmalı və hər oyunumuzda maksimum səylə oynamalıyıq. Bilirik ki, meydanda çox az boşluq olacaq”, – deyə Luis Enrike əlavə edib.
Qeyd edək ki, yanvarın 23-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Hazırda “PSJ” 42 xalla ikinci, “Oser” isə 12 xalla 17-ci pillədə qərarlaşıb.